Türkiyənin “Hatayspor” və “Qaziantep” komandaları ölkədə baş vermiş zəlzələ səbəbindən bu mövsümün qalan hissəsində Super Liqada oyunlara çıxmayacaq.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, "Yeni Malatyaspor" və "Adanaspor"un I Liqada, “Diyarbəkirspor” və "Adıyaman"ın II Liqada, "Niğde Anadolu" və "Malatya Arguvanspor"un III Liqada çıxış etməyəcəyi dəqiqləşib.

Bu komandalara fevralın 6-dan etibarən bütün oyunlarda 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Lakin bu klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq, 2023/24 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər. Həmçinin onlar bu mövsümün sonunadək TFF-dən bütün gəlirlərini ala biləcəklər.

TFF “Hatayspor” və “Qaziantep”in legioner futbolçuları ilə də bağlı qərar qəbul edib. Müvəqqəti qərarla digər klublar bu komandalarda forma geyinən legionerləri bu mövsümün sonuna kimi icarəyə götürə bilərlər. Lakin hər klub maksimum 2 futbolçu ilə güclənə bilər. Legioner limiti də dəyişib. Super Liqada eyni vaxtda meydanda 8 yox, 9, I Liqada isə 5 yox, 6 legionerin oynamasına (yalnız bu mövsümün sonuna kimi) icazə verilib.