Qarabağ Regional Gənclər və İdman İdarəsi ilə Tərtər Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı əsasında Tərtər OİK-də minifutbol idman növü üzrə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş həvəskarlardan ibarət komandalar (Bərdə rayonu üzrə 6, Ağdam rayonu üzrə 1, Tərtər rayonu üzrə 3 komanda) arasında xatirə turniri təşkil edilmişdir.

Rekord.az xəbər verir ki, ümumilikdə 10 komandadan 90-dək futbolçu turnirə qatılmışdır.

Yarışın final mərhələsində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Təltifetmə mərasimində iştirak edən Qarabağ Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Şəhram Quliyev çıxışında yarışın keçirilməsinin əsas məqsədinin şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq və əbədi yaşatmaqdan ibarət olduğunu vurğulamış və təşəbbüskarlara təşəkkür edərək belə tədbirlərin davamlı olacağını bildirmişdir.  Yekunda qalib komandalar müvafiq diplom və medallarla, çempion komanda kubokla, turnirdə fərqlənən oyunçular isə fəxri fərmanlarla təltif edilmişlər.