Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. "Rekord.az" verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan görüşdə “Azərreyl” UNEC-i sınağa çəkib. 
I turdan təxirə salınan qarşılaşma çərçivəsində Famil Ağayevin çalışdırdığı komanda qələbə qazanıb.

“Azərreyl” ilk setdə 25:14 hesabı ilə qalib gəldikdən sonra UNEC oyununda dönüş yaradaraq, ikinci hissədə inamlı təsir bağışlayıb. Onlar hətta 25:19 hesablı qələbə sayəsində setləri bərabərləşdiriblər. Lakin sonradan təcrübə “Azərreyl”in köməyinə çatıb. 3-cü hissədə UNEC-i 25:18 hesabı ilə məğlub edən “dəmiryolçular” 4-cü setdə 25:15 hesabı ilə üstün olublar. 

Beləliklə, “Azərreyl” 3:1 hesablı qələbə sayəsində xallarının sayını 6-ya çatdırıb. Onlar xal hesabında “Abşeron”a çatsalar da, set fərqinə görə turnir cədvəlində yenə ikinci pillədə qalıblar. Məğlub olan və ikinci qarşılaşmasında hələ də xal qazanmayan UNEC isə bu gün əldə etdiyi 1 hissə sayəsində xalsız olan “Murov”u qabaqlayaraq 3-cü yerdədir. 

Super Liqa
21 yanvar
I tur (təxirə salınmış oyun)
“Azərreyl” – UNEC - 3:1 (25:14, 19:25, 25:18, 25:15)