
Sumqayıtın ümid verən gələcəyi
- 27 İyn 2023 11:00
- 1824
"Sumqayıt" klubunun futbol akademiyanın inkişafı yönündə son illərdə atdığı addımlar alqışlanmalıdır. Sumqayıt futbol şəhəridir, böyük futbol ənənələri var. Bəlkə də milli çempionatlarımız tarixinə nəzər salan şəxslər çempion olan komandalar sırasında bu şəhərin təmsilçisini görməyincə, fərqli düşünə bilər. Məsələn, necə futbol şəhəridir ki, tarixində bir dəfə də olsun, çempionluğu yoxdur. Amma işin içində olanlar, əsl həqiqətdən xəbərdar olanlar bilir ki, bunun yeganə səbəbi sponsor çatışmazlığı olub. SSRİ dönəmində bu şəhərin komandaları dəfələrlə ölkə çempionatının qalibi olublar. Müstəqillik dönəminin ilk iki ilində "Xəzər" çempionluğa əsas iddiaçılardan olub və ard-arda iki dəfə gümüş medal qazanıb. 1993-94-cü il mövsümündə isə 4-cü pilləni tutub.
İndiki dövrlə müqayisə etsək, bu nəticə ard-arda 3 il avrokuboklara vəsiqə deməkdir. Sponsor problemi olmasaydı, əminəm ki, Sumqayıt təmsilçisi aradan keçən bunca zamanda mütləq şəkildə çempionluğu da bayram edərdi. Təəssüf ki, müstəqillik dönəmində sponsor, maliyyə bu şəhərin əsas baş bəlası olub. Hətta bəzi mövsümlərdə məhz pulsuzluq ucbatından çempionatda Sumqayıtın təmsilçisi olmayıb. 90-cı illərdə şəhəri müxtəlif adlar altında bir neçə komanda təmsil etsə də, maliyyə səbəbindən hamısı qısa zamanda fəaliyyətini dayandırıb. Buna baxmayaraq, şəhər futbol ənənəsini yetişən yetirmələri hesabına daim saxlayıb. Məhz Sumqayıt futbolunun yetirmələri uzun illər ölkənin milli komandalarına və iddialı klublarına futbolçu "istehsal" edib. Bu gün tarixi açıb baxsanız, ölkə çempionluğunu qazanan bütün klubların heyətində sumqayıtlı futbolçulara mütləq rast gələcəksiniz.
2010-cu ildə "Sumqayıt" Futbol Klubunun yaradılması ilə ən vacib olan maliyyə sabitliyi qorunmuş oldu. Çünki klub ölkənin ən böyük və dayanıqlı şirkəti olan SOCAR-ın tabeliyində olan "Azərkimya"ya təhkim olundu. O gündən bu günə sabit maliyyə, sponsorluq təmin olunub, klub 13 ildir davamlı şəkildə fəaliyyətini davam etdirir. Etiraf edək ki, ilk illərdə klubun həm əsas, həm də futbol akademiyasının nəticələri yaxşı olmadı. Düzdür, burada infrastrukturun yoxluğu da böyük önəm daşıyırdı. Təbii ki, digər səhvlər, nöqsanlar da var idi. İstənilən halda, səbəb nəticəni dəyişmir. Təsəvvür edin, futbol şəhərini təmsil edən akademiyanın komandaları uzun müddət uşaq liqalarında, ümumiyyətlə, medal qazana bilmədi. Bu baxımdan dəfələrlə akademiyanın nəticə qazana bilməməsi, Sumqayıtın futbol ənənələrinə layiq çıxış etməməsi bizim tərəfimizdən də düşünürəm ki, haqlı olaraq, tənqid olunub.
Lakin məsəl var, düzə-düz, əyriyə-əyri olmaq lazımdır. Son illərdə "Sumqayıt" Futbol Akademiyasının fəaliyyətində ciddi irəliləyiş, inkişaf nəzərə çarpmaqdadır. Həm infrastruktur, həm də işə peşəkar yanaşma baxımından. İlk öncə ondan başlayaq ki, "Sumqayıt" Futbol Akademiyası infrastruktur baxımından ölkədə yalnız "Qəbələ"dən geri qala bilər. Lakin layihədə nəzərdə tutulan digər işlər də görülsə, yaxın gələcəkdə Sumqayıt bu mənada birinci olacaq.
Qeyd edək ki, akademiyanın da məskunalşdığı "Kapital Bank Arena"nın nəzdində hazırda ikisi təbii olmaqla 7 meydança fəaliyyət göstərir. Bu meydançalardan 3-ü standardlara uyğundu. Kiçik və orta ölçülü 4 meydança sırf akademiyanın sərəncamındadır. Yenidən qurulan Mehdi Hüseynzadə adına stadionu və onun yaxınlığında tikintisi gözlənilən iki ehtiyat meydança və eləcə də, "Kapital Bank Arena"nın ərazisində layihəyə görə tikintisi nəzərdə tutulan üstüörtülü daha bir standart meydançanı da nəzərə alsaq, gələcək perspektivdə "Sumqayıt" Futbol Akademiyasının şəraiti ideal olacaq.
Bundan başqa, Almaniyadan türk əsilli Hakan Sünalın kluba dəvət olunması, akademiyaya baş koordinator təyin olunması da çox şeyi dəyişdi. Etiraf etmək lazımdır ki, bu seçimdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin xüsusi rolu olub. Bir futbol funksioneri kimi onu daha çox tənqid edirik, amma "Sumqayıt" Futbol Akademiyanının son illərdəki fəaliyyəti, xüsusilə infrastruktur baxımından inkişafı məhz Rəfiyevin dönəminə təsadüf edir.
İlk vaxtlar şəxsən məndə də belə bir düşüncə var idi ki, Sünal da digər əksər əcnəbilər kimi, ilk növbədə bura pul qazanmağa gəlib. Sonradan onun Pro kateqoriyalı kurslara qatılması əlavə bir təəssürat da yaratdı ki, pul qazanmaqdan əlavə, həm də daha rahat yolla kateqoriya almağa gəlib. Lakin zaman keçdikcə şəxsən məndə Sünala qarşı fikirlər dəyişməyə başladı. Çünki akademiyanın fəaliyyətindəki dəyişikliklər, akademiyanın komandalarının maddi-texniki imkanlarının yaxşılaşması, uşaq komandalarının nəticələrinin yaxşılaşması - bütün bunlar hamısı Sünalın gəlişindən sonra baş verdi. Bundan başqa, illərdi tanıdığım yerli məşqçilərlə söhbətdə də onun haqqında müsbət fikirlər eşitdim. Təbii ki, bütün bunların fonunda mənim əvvəlki fikrimdə qalmağım qərəzdən başqa bir şey olmazdı. Mən də qərəzli insan olmadığım üçün görülən bütün bu işləri bura qeyd etməyi özümə borc bilirəm. Bu gün "Sumqayıt" Futbol Akademiyasında fəaliyyət göstərən bütün komandaların ayrıca məşqçilər korpusu var. Hansı ki, daha əvvəllər bir məşqçi 3 komandada işləyirdi. Top, forma, inventar baxımından heç bir problem yoxdur.
Təsadüfi deyil ki, son zamanlar "Sumqayıt" Futbol Akademiyasına böyük axın var. Akademiyaya keçirilən son seçimlərə 1500 uşağın qatılması da akademiyanın hazırkı fəaliyyətinin əsas göstəricilərindən biri sayıla bilər.
Sünalın akademiyadakı əsas yardımçılarından olan Rəşad Məmmədovun əziyyətini və zəhmətini də mütləq şəkildə vurğulamaq lazımdır. "Sumqayıt" yarandığı gündən klubda mətbuat xidmətinin rəhbəri kimi çalışan Rəşad qeyri-rəsmi şəkildə sumqayıtlı sayıla bilər. Adam mətbuat katibi olsa da, bu günə qədər klub üçün, Sumqayıt futbolu üçün 5 adamın görəcəyi işləri görüb və bu gün də görür. Akademiyaya onun da təhkim olunması və Hakan Sünalın əsas yardımçılarından olması faktı da akademiyanın uğurlarında böyük rol oynayıb.
Sumqayıt futboluna yaxındn bələd olan, təşkilatı işlərin görülməsində böyük təcrübəsi və bacarığı olan Fərhad Həsənovun akademiyanın personalında yer almasını da vurğulamalıyıq. Eləcə də uzun illərdi Sumqayıt futbolunun içində olan Sənan Mirzəyev.
Akademiyanın bu yaxınlarda Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirə qatılması, özü də iki komanda ilə (U-11 və U-14) qatılması da akademiyanın tarixində bir ilk idi və son illər aparılan müsbət işlərin, inkişafın göstəricisi kimi dəyərləndirilə bilər. Hər iki komandanın Türkiyədə uğur qazanması, U-11 komandasının bürünc, U-14-ün qızıl medal qazanması da sözlərimizin sübutu sayıla bilər.
"Sumqayıt" Futbol Akademiyasını əsas üstünlüyü akademiyada çalışan məşqçilərin demək olar 90-95 faizinin Sumqayıt futbol məktəbinin yetirmələrinin olmasıdır. Burada müxtəlif nəsillərin vəhdəti də xüsusi diqqət çəkir. Sumqayıt futbolunun ağsaqqallarından olan, vaxtı ilə rəhmətlik Tofiq Rzayevlə birlikdə Azərbaycan futboluna xeyli sayda futbolçu bəxş etmiş Ağamusa Bağırovun bu gün akademiyada koordinator kimi çalışması yalnız alqışlana bilər. Çünki Musa müəllimin bilik və təcrüəsinə çox böyük ehtiyac var. Azad Mütəllimov, Zahir Əsgərov, Baba Əsgərov, Mehman Yunusov, Ruslan Poladov, Zaur Hidayətov, Rasim Əhmədov kimi orta nəsil məşqçilərlə, Rəşad Kərimov, Murad Rəhimli kimi gənc nəsil məşqçilərin ortaq vəhdəti gələcək uğurların təməli baxımından çox vacibdir. Bundan başqa, son illərdə akademiyaya cəlb olunan Musa Rəhimov, Nicat Rəhimov, Qəzənfər Abbasov, Nahid Mehrəliyev, Tural Rzayev, Samir İbrahimov, Vüsal Əsədov da Sumqayıt futbolunun şinelindən çıxmış şəxslərdi. Təcrübəli Hikmət Hüseynovla, gənc olmasına baxmayaraq, yuxarı yaş qruplarına xeyli sayda futbolçu yetişdirmiş Elşad Eyvazovun adını çəkmək də yerinə düşər. Akademiyanın qapıçılarla işləyən məşqçilər İsmayıl Kərimovla Seymur Bəydəmirov da Sumqayıt futbolunun yetirmələridir, vaxtı ilə özləri də qapıçı olublar və bu gün də biliklərini gənc həmkarları ilə bölüşürlər.
Akademiyanın fəaliyyətindən danışıb "Təməl Qrup"un fəaliyyətinə toxunmamaq isə günah olardı. Belə ki, hazırda "Sumqayıt" Futbol Akademiyanın nəzdində fəaliyyət göstərən həmin bu qrup 4-8 yaş arası uşaqları əhatə edir. Premyer Liqa klubları arasında bunu bir ilk adlandırmaq olar. Məlum məsələdir ki, Avropada uşaqlar 5 yaşından futbol bölmələrinə cəlb olunur. Təbii ki, bu yaşda uşaqlardan hansısa futbol biliyi, savadı, taktika filan tələb olunmur. Onlar bir növ topla tanış olurlar, əyləncə xarakterli məşqlərlə futbolu sevməyə başlayırlar. Bu mənada "Sumqayıt" Futbol Akademiyasının "Təməl Qrupu"na uşaqların 4 yaşdan qəbul olunması ölkədə bir ilk sayıla bilər və çox müsbət fakt kimi dəyərləndirilməlidir.
Uşaqların futbolla məhz bu yaşdan tanışlığı o deməkdir ki, həmin bu uşaqlar ölkə çempionatında çıxış edən U-9 komandasına tam hazır vəziyyətdə gəlir. İdeal bir sistem sayıla bilər. Buradakı iş qrafiki, məşqçi seçimləri, onların işə yanaşması da yüksək səviyyədədir. Öncə qeyd edək ki, "Təməl Qrup"da yer alan bütün məşqçilər də Sumqayıt futbolunun yetirmələridir. Orxan Abdullayev və Məhəmməd Alıyevin bu yöndəki fəaliyyəti haqda ancaq xoş sözlər demək olar. Çünki bu yaşda uşaqlarla çalışmaq özü xüsusi səbr və bacarıq tələb edir. Çünki 4-5 yaşında uşaq "oyuncaq təfəkkürü"ndə olur, şıltaqlıq, ərköyünlük edir. Hər uşağın nazını çəkmək, ona övlad kimi münasiət göstərmək, şıltaqlıqlarına dözmək məşqçidən böyük səbr tələb edir. Abdulayevlə Alıyevin məhz bu səbrə və bacarığa sahib olması, uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmasının nəticəsidir ki, bu gün "Təməl Qrup"un məşqləri bayram ab-havasında keçir. Son zamanlarda "Təməl Qrup"un məşqçilər korpusuna daxil edilən Kamran İsmaylovla Xaqani Müzəffərli Həqiqi də Sumqayıt futbolunun yetirmələri olduğu üçün onların da bu ab-havaya uyğunlaşması böyük zaman almadı.
Beləliklə, bütün bu sadalananlar, haqqında bəhs edilən məqamlar bizə onu deməyə əsas verir ki, "Sumqayıt" klubu, Sumqayıt futbolu, ümumiyyətlə, Azərbaycan futbolu haqda gələcəyə nikbin, ümidli baxmaq olar. "Sumqayıt" Futbol Akademiyası bu cür fəaliyyətdə davam eləsə, yaxın illərdə yenidən bütün milli komandalarda, aparıcı klublarda, hətta ölkə xaricində bu akademiyanın yetirmələrini görə biləcəyik.
Anar XANLAROV