Güləş üzrə Avropa çempionatında ölkəmizə 5-ci bürünc medalı Sənan Süleymanov (77 kq) qazandırdı.

Rekord.az xəbər verir ki, ötən il Romada keçirilən analoji yarışda qızıl medal qazanan yunan-Roma güləşçimiz bu dəfə Varşavada Avropa üçüncüsü oldu.

Sənan Süleymanov Polşadakı çıxışı barədə Azərbaycan Güləş Federasiyasının saytına bunları deyib:

“Özümü yarışa hazır hiss edirdim. Ötən il çempion olmuşdum. Bu il də eyni nəticəni təkrarlamaq istəyirdim. Ancaq müəyyən səbəblərdən qismət olmadı. Hakimlərin haqsızlığıyla üzləşdim. Məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Ancaq fikrimcə, Türkiyə güləşçisiylə görüşdə rəqibin ilk fəndində xal verilməməliydi. Bu epizoda qarşılaşmadan sonra bir neçə dəfə baxmışam. Üstəlik, parterdə olarkən rəqibə əlavə iki xalın verilməsini də doğru qərar saymıram. Etirazımız da qəbul olunmadı. Bu da mənə psixoloji cəhətdən mənfi təsir etdi. Alınmadı. Ancaq bürünc medal qazana bildim. Buna da şükür”.