Futbol oyundu. Hamımız onu məhlədə oynayıb sevmişik, bu sevgi də əbədi olaraq bizdə qalıb. Təmənnasız sevgimiz var bu oyuna, məhz oyun olduğu üçün.

Amma futbol həm də idmandı. Yaxşı qaçmaq, həmişə hazır ola bilmək üçün daima məşqlərdə çalışmaq lazımdı. Futbol indi daha çox idmandı və gün keçdikcə də lap “robotlaşmağa” doğru gedir. Yanlış anlaşılmasın, mən idmanı sevirəm və gün ərzində idmandan başqa demək olar ki heç nə ilə maraqlanmıram. Məsələn, siz hansısa tanınmış müğənninin konsertini izləməyə vaxt sərf etdiyiniz anda mən 2 saat “Brilyant liqa”ya, xüsusilə də uzununa və şüvüllə tullanma yarışlarını, yaxud hansısa yarımmarafonu əvvəldən sona qədər izləyə bilərəm. Əminəm ki, mənim kimi adamlar da var və onlar məni başa düşərlər. 

İdmanın qanunları var. Həm gözəl və rəngarəng çıxış, həm də nəticə heç də həmişə alınmır. Xüsusilə də futbolda. Ancaq fintlər, driblinqlər, ara ötürmələri, qayçı zərbələrindən ibarət olsaydı, bu növ meydanda yox, sirkdə nümayiş etdirilərdi. Çıxardı səhnəyə 3-4 nəfər, top çiləyər, janqlyorluq, müxtəlif hərəkətlər edər, tamaşaçıların alqışını alıb-çıxıb gedərdilər. Bu da olardı şou. Ona görə də futbol həm də idmandı. Burda doğru müdafiə olunmaq, gücü 90, bəzən 120 dəqiqəyə bölə bilmək, doğru hücum qura bilmək, müxtəlif taktiki gedişləri doğru yerinə yetirə bilmək, mənəvi-psixoloji hazır ola bilmək, emosional ola bilmək və lazım olanda emosionallığı kənara qoya bilmək bacarığı, həmçinin bir idmançı kimi doğru həyat yaşaya bilmək lazım olur: doğru qidalanma, doğru məşqlər, doğru istirahət və s. Bunların hamısı kompleks şəkildə olmalıdı. Əks halda məğlubiyyət qaçılmazdı. Futbol dəyişib. Hələ 30 il əvvəl Maradona qeyri-sağlam həyat tərzinə rəğmən rəqiblərinə başağrı ola bilirdisə, indi ona mərkəzi keçməyə imkan verməzdilər, 20-25 dəqiqəyə “canını tapşırardı”. 

Futbol dəyişib, informativləşib, hətta deyərdim intellektuallaşıb. Ağıl, doğru hesablama, güclü analitika hər şeyi həll edir. Səbəblərdən biri, hətta birincisi internetdi. Təsəvvür edək ki, ötən əsrin 60-cı illəridi, xorvatlar Peleli Braziliya ilə qarşılaşırlar. Avropalılar rəqibləri haqda hansı informasiyaya malikdilər? Vizual olaraq demək olar ki heç nə. Mətn olaraq da qəzetlərdə nə oxusalar, radiodan nə eşitsələr, televizordan da super bəxtləri gətirsə, bir matçlarını izləyə bilələr, ya yox. Bu qədər. Başqa heç nə və bu hazırlıqla çıxarlar rəqib qarşısına, böyük ehtimalla da məğlub olarlar. Bəs indi? İndi küçədəki uşağa tapşırıq versən, Neymarın qohumlarının adlarını, gecəni harda keçirdiklərinin videolarını da tapıb verər sənə, hələ qaldı Braziliya yığmasının oyunları, heyətdəki futbolçuların performansı, üstün və zəif tərəflərinə. Kimin nəyə qadir olduğunu hamı çoxdan yaxşı bilir. Sürpriz effekti aradan qalxıb.
 
Tarix də öz işini görür. Dünyada baş verən siyasi proseslər, demokratik quruluş və düşüncənin geniş yayılması, texnoloji irəliləyişlər, insanların yaxşı həyatla tanış olması, ona can atması, eyni zamanda televiziya hüquqlarından gələn gəlirlərin futbolu cazibədar bir sahəyə çevirməsi və digər təməl səbəblər Avropanı dünya futbolunun mərkəzi funksiyasını birdəfəlik özünə almasına səbəb olub. Dünyanın ən güclü futbolçuları – asiyalı, afrikalı, cənubi amerikalı - hamı Avropaya gəldi, burda avropalı olmağa başladı. 90-cı illərin sonlarında, minilliyin əvvəlində müəyyən özəlliklərini qorumağı bacaran “gəlmələr”, hazırda soyuq, “köhnə qitə”ni havasını-suyunu udmağa, rasionallaşmağa, özəlliklərini itirməyə başladılar, onların bu bacarığı heç kimə lazım olmadı. İngiltərə Premyer-Liqası kimi nəhəng mexanizm dünya ulduzlarını “diri-diri udmağa”, onları “inkubator cücəsi”nə çevirməyə başladı. Kommunist kimi danışdığımı düşünməyin, sadəcə qlobal görüntü belədi. Xülasə, Avropadankənar futbol çoxdan öz effektini, bununla da rəqabətdavamlılığını itirib. Son 4 dünya çempionu Avropadandı (8 finalçıdan cəmi biri qeyri-Avropa ölkəsi olub), digər qitələrin əsas klub turnirləri ÇL-in yanında “Novruz Kuboku” kimi görsənir. Bu DÇ-dən sadə bir fakta diqqət yetirin: 1/4 finalda meydana çıxa biləcək 8 komandadakı potensial 208 nəfərdən cəmi 13-ü (onlardan 6-sı Mərakeş yığmasındadı) Avropadan kənarda top qovur. Heç 10 faiz eləmir. “Bu DÇ yox, AÇ-di” desək, yəqin ki səhv danışmış olmayacağıq. Hələ bu üzdə olan faktlardı, detallara getsək, söhbətimiz uzanar.

Qeyd etdik ki, futbol dəyişib. Anormal dərəcədə böyük pullar dövr edir və onu qazanmaq üçün sadəcə vunderkind olmaq, topla gözəl davranmaq yetərli deyil. Hesabı yetərli səviyyədə öz xeyrinə et, rahat ol, sonra nə qədər istəyirsə gözəllik elə. Dünən ikinci əlavə vaxtda hesabda cəmi bir top irəlidə olan braziliyalıların konsentrasiyanı itirməsi, eyforiyaya qapılaraq qələbəni təmin etdiklərini düşünməsi və boş hərəkətlərlə real hücum yaratma şanslarından yararlanmamalarını görəndə ağlıma məhz bu gəldi. “Neymar və dostları” yeni formalaşmış “qaydalar”a tabe olmaq istəmədilər. Nəticəsi məlumdu: əbədi mühərrik Modriçin komandası yarımfinaldadı, pentakampeonlar isə dərd içindədilər. Nə olmalı idisə, o da oldu. 

Amma...

Amma bu işin amması da var. Hər şey elə riyazi hesablama, analitikadan, məşqlərdən, hazırlıqdan ibarət olsa, futbol da rəngini itirər. Axı bu şahmat deyil fiqurlar sadəcə fiqur və görünməz əlin onları yerləşdirdiyi yer və hərəkətindən asılı olaraq qüvvəyə malik olsun. Bu futboldu, komanda oyunu olsa da, həm də fərdi oyundu. Burda fərdlər ön plana çıxır, hər şey fərdlər üzərindən oynanılır, fərdlər yadda qalır. Mənə Lionel Messi kimi dahinin 5 metrdən boş qapıya 200 qolu yox, mərkəzdən başlayıb 6 nəfəri aldadıb 1 qol vurması maraqlıdı. Neymarın gözəl fintləri, Kriştianonun başı üzərindən qayçısı, Mbappenin ildırım sürəti, İbranın karate fəndləri, Çalxanoğlu və Kadi Borgesin zərbələri olmasa bu futbol mənim nəyimə lazımdı? Ömür boyu ancaq düyü yemək olmaz. Onun aşa çevrilməsi üçün bu cür “qara”lar da lazımdı. Yoxsa hər şey zəhərə çevrilər. 

Futbol emosiyalar oyunudu. Burda mübahisələr də, sonsuz sevinc, sonsuz kədər də olmalıdı, ədalətsizlik də, haqsızlıq da, dava-dalaş da, ədalətin zəfəri də olmalıdı. Bu oyun gözlənilməzliklərlə dolu, sensasiyaya daha meylli, daha açıq oyundu. Burda az qol vurulur deyə, zəifin güclüyə qalib gəlmə ehtimalı çox yüksəkdi. Məsələn, basketbolda heyəti güclü olan həmişə qalib gəlir. Futbolda isə məsələn, PSJ az qala “yeddibaşlı əjdahaları” da heyətinə yığsa da, ÇL-i qazana bilmir. Çünki bu futboldu. Burda pul çox şeyi həll edir, amma hər şeyi həll etmir. Hələ ki, etmir.

Braziliyanın dünənki məğlubiyyəti romantik, köhnə futbolun son çırpınışı idi. Baxmayaraq ki onlar da əksərən praqmatik, nəticəyəmeylli oyun oynayırdılar, yalnız eyni futbolu oynamaq istəyən komandalara qarşı güclərini göstərə bildilər. Köhnə şakərlərini xorvatlara qarşı da davam etdirmək istədikləri anda cəzalandırıldılar, evlərinə yollandılar. Argentina isə sadəcə Messinin dahiliyi və bu dahiliyin arxasınca gedən xalqın hesabına ayaqdadı. Düşünürəm ki, Van Qal və yetirmələri oyundan əvvəl və ərzində rəqiblərini “qıdıqlamasaydılar”, nəticə də başqa ola bilərdi.
Bu gün Mərakeş, yarımfinalda isə Argentina köhnə futbol dünyasının yeganə və son ümidləridilər. Ancaq ümidin sonda da olsa ölmək kimi bir xüsusiyyəti də var. Hətta Messinin mümkün qələbəsi də heç nəyi dəyişməyəcək. Çətin olsa da, qəbul etməliyik: Qatar artıq gedib. Son stansiya isə Qətərdi.

10 dekabr - Ümumdünya Futbol Günüdü. Bayramımız mübarək!

 

Kənan Məstəliyev