Aprelin 14-də şəhər 3 saylı tam orta məktəbin idman zalında “Sağlam həyat” layihəsi çərçivəsində 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 20-dən çox yeniyetmə tennisçi iştirak edib.

Yarış rayonda stolüstü tennisin inkişaf etdirilməsi, bu idman növünün təbliği, stolüstü oyunlara yeniyetmələrin marağının artırılması, idman yarışları vastəsilə sağlam həyat tərzinin təşviq edilməsi və asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb. Oyunların nəticəsinə əsasən oğlanlar arasında şəhər 2 saylı tam orta məktəbin şagirdi Ziyadxan Hüseynli I, şəhər 3 saylı tam orta məktəbin şagirdi Vahid İsgəndərli II, şəhər 1 saylı tam orta məktəbin şagirdi Sübhan Dadaşov III olub. Qızlar arasında isə şəhər 3 saylı tam orta məktəbin şagirdləri Zəhra İsgəndərli, Aylin Səlimova və Aynur Bağırlı müvafiq olaraq I, II və III yeri bölüşüblər. Birinciliyin qalibləri fəxri fərmanlarla təltif ediliblər.