Siyəzən şəhər 3 nömrəli tam orta məktəbin idman zalında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2010-2012-ci il və 2013-2016-cı il təvəllüdlü oğlanlar və 2010-2014-cü il təvəllüdlü qızlar arasında badminton idman növü üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən yarışda 49 yeniyetmə badmintonçu mübarizə aparıb.

Birincilik 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi, badminton idman növünün rayonda inkişaf etdirilməsi, yeniyetmələrin bu idman növünə marağının artırılması, perspektivli idmançıların üzə çıxarılması, yeniyetmə badmintonçuların yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsi, yeniyetmələr arasında yoldaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin sağlam həyat tərzinin təşviq edilməsi məqsədi daşıyıb.

Gərgin mübarizə şəraitində keçən yarışın nəticəsinə əsasən 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında Vahid İsgəndərli I, Malik Əjdərov II, Hüseyn İsgəndərli III yeri, 2013-2016-cı il təvəllüdlü yeniyetmə oğlanlar arasında Sərhadzadə Emil I, Səmədov Orxan II, Ağayev Emil III, 2010-2014-cü il təvəllüdlü qızlar arasında isə Quliyeva Yağmur I, Zəhra İsgəndərli II, Nurcan Səlimova III yeri tutmuşlar.

Yer tutan yeniyetmə badmintonçular Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif edilmişlər.