
Səyyad Aran: "Azərbaycan millisində bütün bunları Qurban Qurbanov yarada bilər" MÜSAHİBƏ
- 04 Apr 2022 12:45
- 580
Millinin təlim-məşq toplanışı üzündən fasiləyə yollanan Azərbaycan premyer-liqası bu gün qaldığı yerdən davam edəcək.
Ancaq yığmanın hər iki oyunda uduzması və inamsız təsir bağışlamasanın əks-sədası hələ də davam edir. Qəzetimzin ötən saylarında da bu məsələ ilə bağlı ölkənin tanınan futbol adamlarının fikirlərini öyrənmişdik. Məsələnin gündəmdən düşmədiyini nəzərə alaraq, futbol sevgisi və bu idman növünə yaxınlığı ilə bilinən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aranla danışdıq.
- Sizcə, millinin zəif nəticələrində futbolçuların payı nə qədərdi?
- Söz yox, ayrı-ayrı futbolçular da bu məğlubiyyətlərdə günahkardı. Çünki öz üzərlərində çalışmırlar. Bir növ başlarını dolandırırlar. Şübhəsiz, bu dediklərimi hamısına aid etmirəm. Ancaq bəziləri bəzən çox həvəssiz şəkildə oyuna çıxır, vətənpərvərlik hissləri lazımi qədər olmur və s.
- Baş məşqçi Canni de Byazi ilə bağlı nə deyə bilərsiz? Nəzərə alaq ki, artıq uzun müddətdi yığma ilə bərabərdi...
- Mənə elə gəlir, nə qədər ki, millinin baş məşqçisi azərbaycanlı deyil, komanda uğur qazana bilməyəcək.
- Yığmanı çalışdırmasını istədiyiniz biri var?
- Bəli, fikrimcə, millinin baş məşqçisi həm də “Qarabağ”ı çalışdıran Qurban Qurbanov olmalıdı. Onu bir dəfə bu posta gətirdilər. Amma nə hala saldılarsa, hansı mənəvi, psixoloji gərginliklərə düçar etdilərsə, qısa müddətdə istefa verdi. Dünya futbolunun prinsipləri də göstərir ki, baş məşqçinin işinə kənardan müdaxilə edilməməlidi. “Qarabağ”ın uğurları niyə bu qədər çoxdu? Ona görə ki, bu klubun prezidenti və başqa səlahiyyətli şəxsləri Qurbanın nə seleksiya işlərinə, nə kənardan futbolçular gətirməsinə, nə də komandadaxili məsələlərə qarışır. O, qarşısına böyük plan qoyub və onu ardıcıl şəkildə, ilbəil yerinə yetirir. Bu səbəbdən də “Qarabağ”ın heyəti sabitdi. Komandaya həm ən yaxşı legionerlər gəlir, həm də güclü nizam-intizam var. Azərbaycan millisində bütün bunları Qurban Qurbanov yarada bilər. Komandanı ilhamlandırıb daha yaxşı oyun göstərməyə, AÇ və digər yarışlarda daha baxımlı və ustalıq səviyyəsi yüksək futbol sərgiləməyə yalnız o nail ola bilər. Başqa heç kim!
- Yəni demək istəyirsiz ki, əcnəbi baş məşqçilərin millidəki işi ürəkaçan deyil?
- Əcnəbi mütəxəssislər Azərbaycana, sadəcə, pul qazanmağa gəlir. Millinin uğur qazanması onlar üçün önəmli deyil. Çünki öz vətənlərinin komandası deyil. Ona görə də bizim futbolumuz alınmır. Baş məşqçinin işinə qarışılmamalıdı. Kimi oynadıb-oynatmayacağına özü qərar verməlidi. Çünki bu onun işidi və bunu hamıdan yaxşı bilir. Heç kim kənardan müdaxilələr etməməli, işinə “mız qoymamalıdı”. Qəzetlərdən oxuduğum qədər deyirəm, hansısa maliyyə fırıldaqlarına qaçmamalıdı, baş məşqçi buna vadar olunmamalıdı. Rəhmətlik Böyükağa Hacıyev qəzetinizə Azərbaycan futboluna legionerlərin gəlməsi ilə və onlara verilən pulla bağlı açıqlama vermişdi.
- Futbolumuzda hansı qüsurlar var ki, bunlar milli səviyyədə inkişafa mənfi təsir edir?
- Futbolda fırıldaq, oğurluq, yerlibazlıq olmaz. Burda yalnız istedada qiymət verilməlidi. Kim yaxşı oynayır, kimin fiziki hazırlığı yerindədi, qol vurmaq duyumu daha güclüdüsə, müdafiədə rəqib oyunçuları dayandırmaq bacarığı daha yüksəkdisə, onları millidə saxlamaq, oynatmaq lazımdı. Bu futbolun əlifbasıdı. Təəssüf ki, bunu bizim futbol rəhbərlərimiz ya bilmirlər, ya da özlərini bilməməzliyə qoyurlar. Almaniyaya illər öncə 1:6 məğlub olmuşduq. Bizim o vaxtkı AFFA rəhbərindən soruşublar ki, “niyə belə biabırçı hesabla uduzuruq, bu nə oyundu?” Cavabında “nə olsun, birini də biz vurduq da” demişdi. Bu təfəkkür, bu düşüncə ilə futbola rəhbərlik etmək olar? Bu fikirləri olan adamdan hansı nəticəni, futbolu gözləmək olar?
- Sizcə, Canni de Byazinin işinə müdaxilələr edilir deyə milli nəticə qazana bilmir? Yoxsa elə onun özünün günahıdı?
- Birincisi, De Byazinin işinə müəyyən dərəcədə əngəl törədənlər də var. İkincisi, Canni heç də görkəmli mütəxəssis deyil. Üçüncüsü, gizlətməyək, özümüzün də futbolçuların əksəriyyəti, Hacıbaba müəllimin sözü olmasın, Avropa standartlarına uyğun deyil (gülür). Qaça bilmirlər, dözümlülükləri, güclü “ev tapşırıqları” yoxdu və onların yerinə yetirilməsində çox bəsit üsullardan istifadə edirlər. Hansı ki, bunları rəqib komanda dərhal duyur.
- Yığma üzvlərinin ancaq arxaya ötürülmələri ilə bağlı tənqidi fikirlər səslənir. Bu barədə nə deyə bilərsiz?
- Doğrudu. Azərbaycan millisi topu arxaya ötürməkdə dünyada 1-ci olmasa da, hər halda, 2-3-cü yeri tutur. Hücum qurub sürətlə irəli doğru şığımaq lazımdı. Bir də görürsən, yenə belə məqamda topu arxaya ötürürlər. Bununla da hücum bitir. Rəqib də hələ güclə toparlanıb yenidən hücuma keçəcək yığmamızın bütün planını rahat alt-üst edir. Orijinallıq çatmır.
- Bunun səbəbini nədə görürsüz?
- Görünür, təlim-məşq toplanışlarında lazımi qədər hazırlıq keçmirlər. Rəqibin müdafiəsini yarmaq üçün yeni üsul, futbol hiyləsi tapmaqda çətinlik çəkirlər. Çox adi epizodlarda qol buraxırlar. Adam lap məəttəl qalır. Sən bunu niyə boş buraxdın? Buna təhkim olunan müdafiəçi var. Bəs hanı o? Niyə yerində deyil? Buna görə də tez-tez qapımızda qollar görürük. Qoldan sonra da futbolçular bir-birinin üzünə baxırlar ki, bu necə tək qalıb qol vurdu? Komanda yoldaşınızın günahıdı da. Nəyə baxırsız? Guya çox belə müəmmalı bir şey oldu? ("Futbol plus")