"Sumqayıt"ın yeni kapitanı Səbuhi Abdullazadə "Kəpəz"lə oyundan sonra Rekord.az-a müsahibə verib:



- İlk dəfə əsas kapitan kimi komandanı meydançaya çıxardın. Başlayaq bundan. Sarğının sənə həvalə olunacağını gözləyirdin?

- Əlbəttə, kapitanlıq böyük məsuliyyətdir. Sarğının mənə həvalə edilməsi ani olmadı. Klubun yetirməsiyəm, "Sumqayıt"da yetişmişəm, bu baxımdan mənim üçün fəxrdi ki, bu gün də klubun kapitanıyam.

- Gələk oyuna. Mövsümə 3:0-lıq inamlı qələbə ilə başladınız...

- Hər şey göz qabağında idi. Meydançaya qələbə üçün çıxmışdıq, şükürlər olsun ki, bu nəticəni də əldə etdik.

- İlk hissədə komanda parlaq oynadı. Amma ikinci hissədə sanki dayandınız. Baş məşqçiniz özü də etiraf etdi ki, ikinci hissədə problemlər oldu. Bunu nəyə bağlayardın?

- Səhvləri yəqin ki, baş məşqçi özü hamısını deyəcək. Mənə elə gəlir ki, hesabdan irəli gələn arxayınçılıq oldu. Bu, olmamalıdır. Çünki son mövsümdə də elə çox vuran komanda deyildik. Bu mənada bir qol buraxsaydıq sonradan bizə problem yarada bilərdi. İnşAllah bunu düzəldəcəyik.

- Növbəti turda "Qarabağ"la üz-üzə gələcəksniz. Bugünkü qələbənin təsadüfi olmadığını həmin oyunda sübut edə biləcəksiniz? Nəzərə alaq ki, rəqib "Ferenstvaroş"la matçdan qayıdıb sizə qarşı oynayacaq...

- Hamı bilir ki, "Qarabağ" çempionatımızda ən güclü rəqibdi. Fərqi yoxdur, bizdə qarşı "Ferenstvaroş"a qarşı oynamış heyətlə oynasınlar, yaxud ikinci heyət. Hər halda, səfərə məğlubiyyət üçün getməyəcəyik, vuruşacayıq., inşAllah istədiyimiz nəticəni alıb geri qayıdarıq. 

- Əmin oğlu Rüfət Xorvatiya çempionatına yollandı. Sənin də onun yolunu davam etdirmək fikirin var?

- İnşAllah yaxşı təklif olsa, dəyərləndirəcəm. Amma hələ ki, elə bir ciddi təklif yoxdu. 

- Amma bir ara sanki elə bir söhbət var idi. "Sumqayıt"la yeni müqaviləni də çox gec bağladın...

- Konkret təklif yox idi, amma söhbətlər var idi.

- "Sabah"a keçmək variantın da var idi, deyilənə görə danışığınız da olmuşdu, amma maliyyə məsələsində razılaşa bilmədiniz. Həqiqətən belə bir söhbət olub?

- Yox, olmayıb.


Anar XANLAROV