AFFA İntizam Komitəsinin ötən həftə keçirilən iclasında iki şəxs ağır cəzaya məruz qalıb ki, onlardan biri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov, digəri isə “Şamaxı”nın qapıçılar üzrə çalışdırıcısı Anar Niftəliyevdi.

Rekord.az xəbər verir ki, hər iki mütəxəssis 4000 manat cərimələnməklə yanaşı, 5 oyunluq cəzalanıb.

“Kimyaçılar”ın çalışdırıcısının nəyə görə cəzalandığı hamıya məlumdu. Abasov “Sumqayıt” – “Neftçi” qarşılaşmasının rəsmi şəxsini təhqir etdiyi üçün ağır cəzaya məruz qalıb. Bəs Niftəliyev? Komitənin qərarında “Şamaxı”nın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə cəzlandırılıb” qeyd olunub. İndiyədək Anar bəyin adı heç vaxt qalmaqallarda hallanmayıb, kiminləsə mübahisə və ya dava etməyib. Necə olub ki, məşqçi birdən-birə Tovuzda, qərarda yazıldığı kimi, azarkeşlərin ünvanına təhqiramiz ifadələr səsləndirib? Bu suala cavab tapmaq üçün “müttəhim”in özü ilə danışmaq istədik. Təəssüf ki, Nifətəliyev zənglərimizə cavab vermədi. Ancaq etibarlı mənbədən “Şamaxı”nın qapıçılar üzrə məşqçisinin cəzalanmasının səbəbini öyərənə bildik.

Sən demə, Anar bəy “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovu müdafiə edərkən “oda düşüb”. Mənbəmizin sözlərinə görə, “Turan Tovuz”un öz meydanında “Şamaxı”ya məğlubiyyətindən sonra yerli azarkeşlərdən biri Ayxan bəyin ünvanına çox iyrənc söyüşlər səsləndirib. Təhqirə dözməyən Abbasovu sakitləşdirməyə çalşan Niftəliyev köhnə dostunu kənara çəkərkən söyüş söyən azarkeşə “belə sözlər sənə yaraşmaz, sözlərinə diqqət et” deyib. Həmin azarkeş (beləsinə azarkeş demək mümkünsə...) rəqib komandanın məşqçisinin dediklərinə qarşılıq olaraq onun da ünvanına çox pis sözlər işlədib. Belədə əsəbləri dözməyən Anar bəy onunla haqq-hesab çürütməyi qərara alıb. Ancaq ətrafdakılar insidentin böyüməsinə imkan verməyib. Məşqçilərin ünvanına qeyri-etik ifadələr səsləndirən azarkeşi elə öz yoldaşları tribunadan uzaqlaşdırıb.

Mənbəmizin sözlərinə inansaq, məhz bu olaya görə Niftəliyev İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Ancaq qərarda göstərildiyi kimi, qapıçılar üzrə məşqçi azarkeşlərə qarşı yox, onu və Ayxan bəyi təhqir edənə öz başa düşəcəyi tərzdə cavab verdiyinə görə həm cəzalanıb, həm də cərimə olunub. ("Futbol plus")