“Araz-Naxçıvan” bu gün Misli Premyer Liqasının 25-ci turunun açılış matçında “Şamaxı”nın qonağı olub.


Rekord.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı olub. Ukraynalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:


“Fasilədən öncəki ilk iki oyunda bizim qarşımıza qoyulan tapşırıq 6 xalı götürmək idi. Bununla bağlı komandamızı təbrik edirəm. Qarşımıza qoyulan tapşırığı yerinə yetirdik.


Oyuna gəldikdə, birinci hissədə yaxşı oynadıq, matçı nəzarətdə saxladıq. Bu isə o deməkdir ki, komandada nəsə var. İkinci hissənin sonları yaxşı keçmədi. Bunu ona görə deyirəm ki, oyun heç-heçə də bitə bilərdi. Rəqibin yaxşı fürsətləri oldu. Biz də yaxşı müdafiə olunduq.


Milli fasilədən sonra bizi çətin oyunlar gözləyir – “Sabah”, “Neftçi”. Fasilədə bərpa olunub, bu oyunlara hazırlaşacağıq. Planda yoxlama oyunu keçirmək də var.


Zədəli oyunçularımız var. Onlara bərpa olunmaları üçün vaxt veririk”.