Salyanda şəhid Həbib Qurbanovun xatirəsinə stolüstü tennis yarışı
- 13 Mar 2023 11:43
- 446
07-10 mart 2023-cü il tarixlərdə Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Salyan şəhər 9 saylı tam orta məktəbin idman zalında Şəhid Həbib Qurbanovun ad gününə həsr olunmuş stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir.
Rekord.az xəbər verir ki, əvvəlcə Şəhid Həbib Qurbanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əlişir Əliyev bildirdi ki, ölkəmiz dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilmişdir. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.
Tədbirdə çıxış edən Stolüstü tennis idman növü üzrə İdman ustası, Stolüstü tennis üzrə Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin məşqçi müəllimi Mehman Səmədov qeyd etdi ki, birinciliyin keçirilməsində məqsəd Şəhid Həbib Qurbanovun əziz xatirəsini yad etmək, rayonda stolüstü tennis idman növünün kütləviliyinə nail olmaqdan ibarətdir.Sonra yarışa start verildi. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər