
“Şahin” hərbi- idman oyununun Astara rayon birinciliyinin seçim mərhələsi keçirilib
- 15 Mar 2023 15:00
- 465
Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqalədə Hallar Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təsdiq etdikləri “Şahin” hərbi idman oyununun 2022-ci il təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Sektoru, SHXÇDX-nin Astara rayon şöbəsi və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə Astara rayonu üzrə hərbi idman oyununun Astara rayon birinciliyinin seçim mərhələsi keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, Astara rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyeva, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri Anar Bağırov, SHXÇDX-nin Astara rayon şöbəsinin II bölməsinin məsul işçisi, mayor Vüqar Abbasov, Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru Rəna Məmmədova , Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara Rayon Təhsil Sektorunun Hərbi və Fiziki hazırlığ üzrə metodisti, baş leytenant Rasim Cəfərov çıxış etmişlər.
“Şahin” hərbi idman oyununun rayon birinciliyinin seçim mərhələsində 14 məktəb komandası mübarizə aparmışlar.
I yerə Tüləküvan kənd tam orta məktəb komandası , II yerə Siyəkü kənd tam orta məktəb komandası, III yerə Astara şəhər 4 saylı tam orta məktəb komandası, fərqləndirici yerlərə Astara şəhər 3 saylı tam orta məktəb komandası, Astara şəhər 2 saylı tam orta məktəb komandası, Kijabə qəsəbə tam orta məktəb komandası layiq görülmüş və yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Astara rayon birinciliyinin seçim mərhələsində fəxri yerləri qazanan komandalar Astara Rayon Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülmüşlər.