
Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- 14:13
- 33
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Naxçıvanda yeniyetmə qız voleybolçular və məşqçilərlə görüşüb. "Rekord.az" xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan görüşdə AVF-nin İdarə Heyətinin üzvü İlqar Nuriyev, AVF Naxçıvan filialının direktoru Vüqar Əliyev, yeniyetmə voleybolçuların valideynləri və digər qonaqlar iştirak ediblər.
Görüşdə Naxçıvanda voleybolun inkişafı ilə bağlı görülən işlər, idmançılar və məşqçilər üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib. Sonra çıxış edən Ş.Bağırov AVF-nin ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, federasiyanın strateji fəaliyyət proqramına uyğun olaraq həyata keçirilən kompleks tədbirlərin Naxçıvanda da nəzərəçarpan irəliləyişlərin əldə olunması ilə nəticələndiyini qeyd edib. Vurğulanıb ki, Naxçıvanı təmsil edən komandalar bu il ölkəmizdə ilk dəfə keçirilən aşağı yaş kateqoriyalı oğlan və qız voleybolçuların Azərbaycan birinciliklərində uğurla çıxış edib. 15 nəfərə yaxın naxçıvanlı voleybolçu milli komandalara dəvət alıb. Federasiya prezidenti gənc idmançılara tövsiyələrini verib, onlara uğurlar arzulayıb.
Ş.Bağırov və rəsmilər yeniyetmələrin məşq prosesini də izləyiblər. AVF rəhbəri, həmçinin yeniyetmə idmançıların valideynləri ilə görüşüb. Federasiya prezidenti valideynlərin yeniyetmələrə dəstəyinin çox mühüm olduğunu söyləyib və buna görə onlara təşəkkürünü bildirib. O, eyni zamanda potensiallı gənclərin yaxın illərdə milli komandalarda uğurla çıxış edəcəklərinə inamını ifadə edib.