"Sabah"ın ilk ev sınağı - şərh
- 10:43
- 50
Bu gün Çempionlar Liqası var.
"Sabah" əsas mərhələdə ən vacib matçına çıxır.
Rəqib həm yığma, həm də klub səviyyəsində ən çətin, heç cür üstələyə bilmədimiz çexlərin son çempionu "Slaviya"dır. İddialı gəliblər Bakıya.
Təmsilçimizin püşkdə bəxti gətirməyib deyə ictimaiyyət komandadan yalnız ev oyunlarında, xüsusilə də bu qarşılaşmada xal və ya xallar gözləyəcək. Bu da təbiidir. İlk baxışdan "dişimizə görə" olan tək rəqib "Slaviya"dır.
Amma həqiqətən belədirmi?
Dünən oyunöncəsi mətbuat konfransında baş məşqçimiz Valdas Dambrauskasdan çex komandasının oyun tərzi barədə danışmağını istədim. Litvalı mütəxəssis rəqibin çox atletik, fiziki cəhətdən güclü olduğunu, topu özlərində saxlamağı sevmədiklərini, ani hücum və əks-hücumlar həyata keçirdiklərini bildirdi. Əlavə etdi ki, daxili çempionatlarındakı statistikada heç bir hücumda 7 ötürmədən artıq etmədikləri görünür. Yəni bu komanda sürətlidir, hücum planında çox təhlükəlidir.
Amma Dambrauskas rəqibin zəif haqda danışmadı. Demədi ki, müdafiələrində boşluqlar verirlər, xüsusilə cinahları "Axilles dabanları"dır. "Slaviya" hücum komandasıdır, ancaq onlara qarşı doğru oyun planı seçiləndə çarəsiz də qala bilir.
Nədir bu "doğru oyun planı"?
Praqa təmsilçisinin baş məşqçisi Yindrix Trpişovski "Sabah" barədə danışarkən "oyun üslubuna görə "Barselona" ilə müqayisə edərdim" cümləsini işlədib. Ki, bu da təsadüfi deyil. "Slaviya" kimi oynayan komandaların qarşısını məhz bu tərzlə daha rahat almaq olur. Məşqçinin bu cümləsini mən tərif yox, özü də bilmədən qorxusunu dilə gətirməsi kimi anlayıram. Çünki topla sürətli çıxan komandaların üstün tərəflərini azaltmağın əsas yolu topu onlara verməmək, orta xətdə intensiv və sıx oynamaq, topu itirən kimi daha çox adamla onu geri qaytarmağa çalışmaqdır. Bu xüsusiyyətlər "Sabah"da var. "Bayquşlar" soyuq başla hərəkət etməli, bayquş kimi təmkinli olmalı, öz şanslarını gözləməlidirlər. Bu şanslar mütləq ki olacaq. Qarşılaşmada güc orta xətdə düşəcək, onların dözümü və ağlı həlledici rol oynayacaq. Əsasən də cinahlarda aktiv olmağımız bizə böyük kömək edəcək.
Bura Çempionlar Liqasıdır. Buradakı heç bir komanda zəif deyil. "Slaviya" da həmçinin.
Elə "Sabah" da həmçinin. Onlar Çexiya çempionlarıdırlarsa, iddialı və daha təcrübəlidirlərsə, biz də Azərbaycanı təmsil edirik. Komandamız nəhənglərin yarışına böyük yol qət edərək - Uels, Finlandiya, Danimarka və İsrail çempionlarını yenərək gəlib, Mançester səfərində isə məğlubiyyətə baxmayaraq, adlı-sanlı rəqibi qarşısında layiqli mübarizə nümayiş etdirib. İndi də turnirdə ilk xalı, ilk qələbəni qazanmaq istəyi var ortada. Niyə də olmasın?
Böyük stadion, dolu tribunalar, Çempionlar Liqasındakı ilk ev oyunu, böyük istək.
Qələbə üçün hər şey hazırdır.
İrəli "Sabah"!