"Sabah"ın Finlandiya sınağı - şərh
- 10:18
- 68
Bu gün çempion səfərdə matça çıxır.
"Sabah" evdə aşkar üstələdiyi, amma çoxsaylı epizodları boşa verərək intriqanı saxlamağa imkan verdiyi "KuPS"-lə yenidən qarşılaşacaq. Finlandiyalılar doğma meydan amilindən istifadə etmək istəyirlər. Amma favorit yenə də bizik.
İlk matç "bayquşlar"ın hücum potensialını ortaya qoymuşdu. Komanda istəkli və çevik idi, müxtəlif nöqtələrdə qol vurmaq şansları əldə edir, ancaq yararlana bilmirdi. Masazır təmsilçisinin Avropa təcrübəsinin az olması öz sözünü deyirdi. Üstəlik, fikri başqa yerdə olan və getmək istəyərək son zamanlar məşqlərə ürəksiz yanaşan Maludanın oynamaması da öz təsirini göstərmişdi. Komandanın fransalı futbolçu olmadan çətinlik çəkdiyi görünsə də, meydanda varlıq qoya bilməyəcək birinin oynamasındansa oynadılmaması doğru addım idi. Ancaq bir şey də var ki, onun yerini tutan Kahim Parrisin fəallığı yetərli olmadı. Ümid edək ki, bu dəfə hər şey daha yaxşı olacaq.
Bugünkü matçda da oyunu hücumda keçirmək vacibdir. Bakıdakı qarşılaşmanın sonlarına yaxın KuPS da "diş göstərdi" və boşluqlardan yararlana biləcəyinin mesajını verdi. Müdafiəyə ümid edərək oynamaq həmişə səhvdir. Çünki rəqib axır-əvvəl bir və ya bir neçə şans əldə edib fərqlənəcək. Bu da normaldır, çünki bu komanda da ÇL-də oynayır, bura öz ölkəsinin çempionu olaraq gəlib. Zəif sayıla bilməz. Ona görə də rəqibdən bir top çox, ya da azı onun qədər qol vurmağa çalışmaq lazımdır. Baş məşqçiləri Nuutinen oyundan əvvəl iddialı danışıb, hücumda oynayacaqlarını qeyd edib. Dambrauskas da təxminən eyni məzmunlu çıxış edib və irəli gedəcəklərini bildirib. Deməli, komandamız sona qədər mübarizəyə, hücuma hazırdır. Qalır, futbolçuların ilk matçdakı konsentrasiya azlığını, başqa sözlə rahatlıq və bir qədər də məsuliyyətsizliklərini bir qırağa qoyub oynaması.
"Sabah" rəqibindən daha yaxşı komandadır, daha yaxşı heyətə və potensiala malikdir, turu da məhz o keçməlidir. Tur isə klubun tarixində böyük bir ilki gerçəkləşdirəcək, azı Konfrans Liqasının qrupunu gətirəcək. Bunun üçün meydanda can qoymağa dəyər.
Uğurlar, "Sabah"!