"Sabah"ın Danimarka sınağı
- 10:10
- 21
Çempion daha bir sınağına çıxır.
Rəqib Danimarka çempionu "Orhus"dur.
"Sabah" Konfrans Liqasının qrupunu təmin edərək minimum hədəfi tamamlayıb. Klub da, komanda da psixoloji cəhətdən rahatdır. Hər şey yaxşıdır, qaydasındadır.
Ancaq dayanmaq olmaz. Tunelin sonunda Çempionlar Liqasının əsas mərhələsinin işığı görünməyə başlayıb, uzaqda da deyil.
Odur ki, hərəkətə davam!
Həm də "Orhus" dəhşətli rəqib deyil. Güclüdür, çətin komandadır, amma nəhəng deyil. "Lex"lə səfər matçı və nəticə bizi çaşdırmamalı, çəkindirməməlidir. Futbolda belə şeylər olur. Cavab matçını əla oynayan da danimarkalılar idi, ilk matçda hər şeyi korlayan da. Odur ki, indidən rəqibi dağ başına qaldırıb bədheybət kimi qələmə vermək düz deyil. Şanslar bərabərdir.
Gəlin, əvvəlcə rəqibi yaxından tanıyaq.
"Orhus"un 145 yaşı var. Eyniadlı idman klubu 1880-ci ildə yaradılıb, gimnastika və qılıncoynatma ilə məşhur olub, futbol bölməsi isə öz başlanğıcını 1902-ci ildən götürür. Qitənin qədim klublarındandır və belə komanda ilə qarşılaşmaq nəticədən asılı olmayaraq xoşdur. Maraqlıdır ki, bu qədər böyük tarixə cəmi 6 Danimarka çempionluğu yerləşib. Sonuncunu bu yaz, 40 illik fasilədən sonra rəsmiləşdiriblər. Avrokubok təcrübələri çoxdur və müəyyən nailiyyətlər də var. Beynəlxalq arenada 140 matçı (ilk oyun 1955-ci ilə təsadüf edir) olan "ağlar", 1961-ci ildə Çempionlar Kuboku, 1989-cu ildə isə Kuboklar Kubokunda 1/4 finala qədər irəliləyə biliblər.
Ev oyunlarını 11 min ümumi, 3500 oturaq yeri olan Velybi stadionunda keçirirlər (yeni stadionları isə tikinti mərhələsindədir. Onun tutumu isə 22 min olacaq). Təbii ot örtüyünə malikdir, bu da vacib məqamdır. Çünki "Sabah" bu yay 2 səfər matçının iksində də süni örtükdə oynayıb. Finlandiyadakı qazon ümumiyyətlə fiasko idi, özünə hörmət edən komanda orda oynamaz. Nəhayət, Danimarkada örtük yaxşı olacaq, yaxşı oyun izləyəcəyik.
"Sabah"la "Orhus" arasında maraqlı oxşarlıqlar var.
- Hər iki komanda ölkənin əsas komandasının - "Qarabağ" və "Kopenhagen" - Çempionlar Liqasında keçirdiyi ağır mövsümün yükünün altından çıxa bilməməsindən yaxşı yararlanıb, çempion olub. Maraqlıdır ki, məğlub sabiqlər ötən liqa mərhələsində Bakıda üz-üzə gəliblər. "Qarabağ" rəqibini 2 cavabsız topla üstələyib.
- Klubun təmsil etdiyi eyniadlı şəhərin 380 minə yaxın əhalisi var və bunun təxminən 55 mini tələbədir. Aarhus universitet şəhəridir, əhalisinin 40 faizinin mütləq hansısa elmi dərəcəsi var. Futbol klubunun azarkeşlərinin də xeyli hissəsi tələbələrdir. "Sabah" da rəhbərinin təhsil naziri olduğu vaxtda yaradılıb, klubun adı da tədris qrupunun adından götürülüb, ilk fan-qruplar məhz ali təhsil müəssisələrinin tələbələri ilə formalaşdırılıb.
- "Sabah"ın təmsil etdiyi Masazır qəsəbəsinin yanında duz gölü var və klub onun rənglərini özünə götürüb. "Orhus" eyni addımı atmasa da, bu şəhərin də yanındakı göldə böyük duz mərkəzi var və çox məşhur yerdir, istirahət tiplidir, müvafiq muzeyi, kafesi və b. məkanları var.
Qayıdaq futbola, birbaşa meydançanın içinə.
"Orhus" Danimarka çempionudur. Buna 43 yaşlı Yakob Poulsenin rəhbərliyi altında nail olub. İstəkli və çalışqandır, gənc olmasına baxmayaraq, komanda daxilində hörmət qazanıb, liderlik edə bilir. Komandasını əsasən 3-6-1 sxemi ilə oynadır. Meydanda bu əsasən 3-4-3 düzülüşü ilə ifadə olunur, amma reallıqda sırf hücumçu 1 nəfər olur, digər iki irəli xətt oyunçusu duruma görə ya "10 nömrə", ya da vinger funksiyalarını yerinə yetirirlər. Lateralların da mütəmadi önə çıxmasını nəzərə alsaq, hücumda azı 5 nəfərin iştirakı təmin olunur və məhsuldarlığın artmasına kömək edir. Amma "Orhus"u hücum komandası, yaxud nəticəyə pressinqlə, ön xətdəki fəallığı ilə çatan bir kollektiv kimi təsvir etmək olmaz. Poulsen öz yetirmələrinin daha çox komanda oyununa diqqət yetirir. "Orhus" orta xətdə intizamlı, cinahlarda isə daha təhlükəli olmağı ilə fərqlənir. Yan xətt oyunçuları (Emmeri və Linksin adını çəkmək olar, amma sonuncunun zədəsi var, hazır olub olmadığı bilinmir) rəqibin müdafiəsini kənarlara doğru "dartaraq" həm mərkəzdə boşluq axtarır, həm də asma etmək şanslarını artırırlar. Həmçinin komanda qol imkanlarını sağa-sola xərcləmir, yaxşı yararlana, nəticə qazan bilirlər. Bu baxımdan Arnstad, Bogere və Bexin adlarını çəkmək, təmsilçimizin bu oyunçulardan ehtiyatlı olmaqlarını tövsiyə etmək olar.
Ötən mövsüm "ağlar" üçün böyük işlər görmüş bəzi futbolçular ya komandadan ayrılıblar, ya da zədə səbəbindən hazır və formada deyillər. Bu, bizim xeyrimizə olan amildir.
Aydın oldu ki, "Orhus" möhkəm və çox ciddiyə alınacaq komandadır. Ancaq danimarkalılar etibarlı orta xəttə malik rəqiblərə qarşı çətinlik çəkirlər. Valdas Dambrauskasın 4-2-3-1 taktikası və ümumi oyun tərzi bu cür sxemə qarşı effektiv sayıla bilər. Litvalı mütəxəssis ənənəvi pressinqi, həmçinin əks-hücumlarda yan xətt oyunçularının sürətli və doğru davranışını bu dəfə də tətbiq etdirə bilsə, uğur qazanmaq olar (Kahim Parris zəif nöqtədir, start heyətində yer almasa, təəccüblənməməliyik). "Orhus"un cinah oyunçularının hücuma aludə olması zamanı arxalarında yaranan boşluqlardan istifadə etmək şansı böyük olacaq. Orta xəttimizdə isə Rahmonaliyev və Lepiniçanın performansı həlledici xarakter daşıyacaq. Rəqibin müdafiəsinin mərkəzində də problemlər var, bu bazar ora yeni transfer ediblər, daha birini də almaq istəyirlər. Təzyiq altında saxlamağa nail olsaq, buradan yetərincə qol imkanı əldə edə bilərik. Dambrauskas həmkarından daha təcrübəli və güclü məşqçidir. Əlinin altındakı heyətin gücünü 90 dəqiqəyə doğru bölməklə və hesabın necə olmasından asılı olmayaraq oyun intizamını qorumaqla hətta səfərdə belə sərfəli nəticəni təmin edə bilər.
"Sabah" turu keçməyə və növbəti tarixini yazmağa hazırdır. Heyət yaxşıdır, həm fiziki, həm də psixoloji hazırlıq yerindədir, yaxşı məşqçi heyəti var. Cavab oyunu da evdə oynanılacaq. Çətin rəqiblə oynayacağıq, amma biz də onlar üçün çətin rəqibik. Emosiyalı yox, ağıllı və səbrli olan, dözümlü olan tərəf qazanacaq. İnanaq ki, bu biz olacağıq!
İrəli, "Sabah"!