Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf SOCAR-da korrupsiya faktlarının və digər qanun pozuntularının araşdırılmasıyla bağlı göstəriş verib.

 

Rekord.az xəbər verir ki, bu haqda moderator.az-a Neft Daşlarında işləyən mənbə xəbər verib.

 

Məlumatda bildirilir ki, Rövnəq Abdullayevin vaxtında SOCAR-da bəzi idarə rəisləri “at oynadıb”. Həmin vaxt işçilərin bir çoxunun adı işdə getsə də, onlar idarə rəislərinin maral fermalarında və digər təsərrüfatlarında işləyiblər. 

Rövşən Nəcəf SOCAR-a təyinat alandan sonra isə bütün bu özbaşınalıqlar ona çatdırılıb. Məhz elə R.Nəcəfin göstərişi ilə araşdırma başladılıb. Bununla da bir çox idarə rəislərinin belə işdən çıxarılacağı gözlənilir. Bir sözlə, SOCAR-da ciddi islahatlara başlanılıb və ilk növbədə ərköyün idarə rəsilərinin "gözəgörünməz" fəaliyyəti yoxlanılacaq.

 

Yeni idarəetmə sisteminin qurulması, bütün işlərin yenidən araşdırılması, SOCAR-dan bir sıra layihələrə ayrılan vəsaitin şəffaflığı ilə bağlı yoxlamaların aparılması böyük ehtimalla AFFA-dan da yan keçməyəcək. Son yoxlamalarla bağlı federasiyada da ciddi narahatlıqların olduğuna dair məlumatlar alırıq. Çünki SOCAR-dakı daxili yoxlamalar başa çatandan sonra növbə AFFA-ya gələcək. Belə ki, bu qurum sponsor kimi illərdi dövlət neft şirkətindən milyonlarla manat vəsait alıb. Futbolun inkişafı naminə. İnkişaf da göz önündədir. Azərbaycan futbolu artıq bataqlığın dibinə yuvarlanıb. Ara yerdə qazanan ordan-burdan gətirilib Azərbaycan pasportu ilə təmin edilərək milli komandalara sırınan əcnəbilər və onların dəllal havadarları olub. Artıq bütün bu işlərin üstünün də açılmasının vaxt çatıb və yəqin ki, SOCAR-ın yeni rəhbərliyi AFFA-ya ayırılan milyonların da mənbəyini araşdıracaq. Proseslər buna doğru gedir.