Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri - Azərbaycanın istiqlal günüdür.

 

XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin yaranması əsri kimi düşüb. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. Bu hərəkat 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin yaradılması ilə nəticələndi. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyəti Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

 

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun dəstəyi ilə təşkil olunmuş Qafqaz İslam Ordusunun Bakını daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyuk nəaliyyətlər və qalibiyyətlər əldə edib.

 

İlk dəfə qadınların seçki hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, iqtisadi islahatlar istiqamətində işlər aparıb. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub. Bu hadisə 4 iyun 1918-ci ildə baş verib. 1918-ci il 9 noyabr tarixində Məmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

 

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Lakin bütün bunlara baxmayaraq, zaman göstərdi ki, Məmməd Əmin Rəsulzadənin bəyan etdiyi “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı ölməzdir – 70 illik əsarətdən sonra, 1991-ci il oktyabrın 18-də Azərbaycanın bir kərə yüksəlmiş üçrəngli bayrağı yenidən başımız üzərində dalğalanmağa başladı. Respublika gününüz mübarək, əziz həmvətənlər!