
“Region Liqası”nın “zəmanət oyunu”
- 11 Mar 2022 17:00
- 881
Qubanın “Şahdağ” komandası qışdan sonra “Region Liqası” turnirində hələ də oyuna çıxmayıb. Komanda faktiki dağılmış vəziyyətdədir. Baş məşqçi postundan istefa verən Qəzənfər Abbasov deyir ki, komanda rəhbərliyinin ona və futbolçulara borcu yığılıb qalıb. Maddi sıxıntı çəkən tək Quba təmsilçisi deyil. Yevlaxın “Karvan” komandası Allah ümidinə ayaqda qalmağa çalışır. Komandanın baş məşqçisi Kənan Kərimov da mətbuata açıqlamasında etiraf edib ki, mövsümün sonuna kimi komandanın dağılmayacağına zəmanət verə bilmir. Digər komandalar da var hansı ki, eyni sıxıntını yaşayırlar. Hətta bu yaxınlarda mətbuatda belə məlumatlar yayıldı ki, AFFA “Region Liqası”nda çıxış edən beş komandaya gizlin olaraq, maliyyə yardımı edir. Belə olan halda, ortaya kifayət qədər maraqlı məqamlar çıxır.
AFFA mövsümün startından öncə açıqlamışdı ki, hər komandanı "Region Liqası"na buraxmayacaq, iştirak niyyətində olan bütün komandalar ətraflı araşdırılacaq. Hətta yarışların keçirilməsinə məsul olan departamentinin rəhbəri Yusif Vəliyev bildirmişdi ki, bütün komandalardan maliyyə zəmanəti alınacaq, bu cür zəmanət verməyənlərin çempionatda iştirakı mümkün olmayacaq. Həmin zəmanəti isə ya sponsorlar, ya da icra hakimiyyətləri verməli idi. Belə çıxırdı ki, çempionata buraxılan bütün komandaların maliyyə zəmanəti olub və onların mövsümün sonuna kimi çıxışında heç bir problem olmamalı idi. Elədirsə, “Şahdağ” niyə bu gündədir? “Karvan”ın baş məşqçisi mövsümü başa vuracaqlarına dair niyə zəmanət vermir? Federasiya dağılmaq təhlükəsi yaşayan bir sıra komandalara niyə gizlincə pul ayırır? Belə çıxır ki, zəmanət söhbəti bir oyun, verilən açıqlamalar isə ictimaiyyətə söylənilən yalan idi? Maliyyə zəmanəti o deməkdir ki, hər komandanın loru dildə desək, kənarda “5 manat”ı var və bunun sənədini federasiyaya təqdim ediblər. Yəni bütün komandaların mövsümün sonuna qədər ən azı bütün səfərlərə yollanmaq üçün minimum yol pulu var. Maaş, mükafat söhbətini ortaya atmırıq, çünki “Region Liqası” həvəskar turnir olduğu üçün futbolçularla peşəkar müqavilələr bağlanmır, futbolçular bir növü həvəskar status daşıyır. Ancaq bu gün 3-4 komandanı çıxmaq şərti ilə digərləri ağır durumdadırsa, bəziləri oyuna çıxa bilmirsə, yaxud mövsümü başa vurmamaq təhlükəsinin olduğunu açıqlayırsa, deməli, nə zəmanəyt olub və də təminat. Olan sadəcə, bunun oyunu olub. Necə deyərlər, "oyununuz olsun".
Anar XANLAROV