
Regekampf gedir, Qriqorçuk gəlir?
- 14 Noy 2022 17:00
- 641
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniyaya qayıtmaq ehtimalı yüksəkdi.
Rekord.az xəbər verir ki, bu ölkənin mətbuatında yer alan xəbərə görə, 47 yaşlı mütəxəssis yenidən FKSB-nin “sükanı arxasına” keçməkdə israrlıdı.
Bildirilib ki, “Neftçi” ilə razılığa əsasən, müqaviləyə xitam vermək istəyən tərəf 500 min avro təzminat ödəməlidi. Regekampf isə qarşılıqlı razılıqla yolların ayrılacağına ümid edir. FKSB-nin prezidenti Cici Bekali də yeni çalışdırıcının adını DÇ-2022 zamanı açıqlamağı düşünür. Onun bu məsələni ləngitməsi məhz Regekampfla aparılan danışıqların hələ yekunlaşmaması ilə bağlıdı.
“Universitatya Krayova 1948”in sahibi Adrian Mititelu da bu keçidin baş tutacağına inanır. O, yaxın dostu Regekampfın Rumıniyaya qayıtmağı arzuladığını söyləyib:
“Rege ilə Dubayda olarkən danışmışam. O, Dan Petresku ilə birlikdə Rumıniyanın ən yaxşı məşqçisidi. Başa düşə bilmirəm ki, FKSB-nin rəhbərliyi niyə Regeni baş məşqçi gətirmir? Axı o, bunu çox arzulayır”.
Bu arada, "Futbol plus" qəzeti də məsələ ilə bağlı yeni informasiya yayıb. Sən demə, Regekampf klubdan getmək üçün artıq rəhbərliklə danışıqlara başlayıb. Rumıniyalı mütəxəssis bu arzusunu dilə gətirib. “Neftçi” başbilənləri də əsas sponsorla məsləhətləşdikdən sonra onun gedişinə icazə verib. Hətta yeni çalışdırıcının axtarışlarına da start verilib. İlk ünvan kimi Roman Qriqorçuk seçilib. Ukraynalı çalışdırıcı ilə ilkin danışıq baş tutub. Hazırda “Neftçi” rəhbərliyi gözləmə mövqeyindədi. Rəhbərlik komandanın bu mövsüm çempion ola bilməyəcəyini düşünür. Flaqman rəsmiləri həm avrokuboklarda, həm də premyer-liqada uğursuzluğa düçar olan Regekampfın sayəsində pul qazanmaq niyyətindədi. FKSB ilə danışıqlar müsbət nəticələnsə, yeni baş məşqçi ilə bağlı qərar veriləcək. Təbii ki, qışa kimi bu məsələ həll olunmalıdı. Yeni çalışdırıcının əsas hədəfi kubokda qələbə olacaq. Bu müddət ərzində də Konfrans Liqası üçün yaxşı heyət formalaşdırmaq və növbəti mövsüm çempionluğa oynanamaq əsas məqsədlərdəndi.
Məsələ ilə bağlı “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi Regekampfla bağlı təklif almadıqlarını və yeni baş məşqçi axtarışında olmadıqlarını dilə gətirdi. Qeyd edək ki, rumıniyalı çalışdırıcının “Neftçi” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi. Hazırda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “ağ-qaralar” lider “Qarabağ”dan 13 xal geri qalır.