Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) turnirlərindən imtina edib.

Rekord.az xəbər verir ki,  34 yaşlı qrossmeyster turnirlərdən imtina etməsinin səbəbini şəxsi ”Facebook” hesabında yazıb:

“Nə qədər ki, FİDE prezidenti Rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna”.

Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır. FİDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.