Kişilər və qadınlar arasında Azərbaycan çempionatında rapid yarışının qalibləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, kişilərin mübarizəsində Rauf Məmmədov 9 turdan 7 xal toplayaraq əlavə göstəricilərə görə çempion olub. 

Onunla eyni xalı yığan Vüqar Əsədli ikinci, yarım xal az toplayan Məhəmməd Muradlı isə üçüncü yeri tutub.

Qadınlar arasında isə 7 turdan 5 xal yığan Ləman Hacıyeva əlavə göstəricilərə görə birinci yerə sahib olub. İkinci pillədə onunla eyni xala malik olan Ayan Allahverdiyeva qərarlaşıb. Üçüncü yeri isə Ülviyyə Fətəliyeva tutub.

Şahmatçılar blits yarışında mübarizəni davam etdirirlər.

Qeyd edək ki, çempionatların təşkilində əsas məqsəd dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.