
Qurban Qurbanov: “Buna nail olacağımıza inanıram”
- 15 Fev 2023 18:45
- 408
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda Belçikanın “Gent” komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox vacib oyuna çıxacağıq. İkinci dəfə bu turnirin pley-off mərhələsində oynayacağıq. Ötən ilkindən daha yaxşı nəticə qazanmaq istəyirik. Bütün futbolçular oyuna hazırdır. Rəqib sürətli oyunçulara malikdir və 90 dəqiqə meydanda yaxşı pressinq edirlər. Maraqlı oyun alınacaq. Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik. Bu rəqibə qarşı bəzi risklərə getməliyik. Hər zonada həddindən artıq diqqətli olmalıyıq. Qarşıda cavab görüşü də var”.
Qurbanov onu narahat edən məqamlara da aydınlıq gətirib: "Doğma meydanda çıxış edəcəyik. Azarkeş baxımından üstünlük bizdə olacaq. Böyük problemimiz yoxdur. Sadəcə, komanda tam istədiyim kimi deyil. Qarşıdakı oyunlarda daha yaxşı “Qarabağ” gözləyirəm. Buna nail olacağımıza inanıram”.
Onun sözlərinə görə, yeni transferlərin komandaya uyğunlaşması çətin olmayacaq: “Amma hazırlıqları o səviyyədə deyil. Demək olar ki, kollektivə tam uyğunlaşıblar. İlk günlərdə bir az utancaqlıq var idi. Get-gedə özlərini daha yaxşı və rahat hiss edirlər. Onlara sabahkı görüşdə şans verilməsi ehtimalı da var. Son qərarı oyun günü verəcəyik”.
Təcrübəli mütəxəssis ilk matçın evdə və ya səfərdə olmasının hər hansı üstünlük olmadığını diqqətə çatdırıb: "Bakıda heç-heçə edib, səfərdə qalib gəldiyimiz qarşılaşmalar olub. Bəlkə də bu gün üçün evdə oynamaq daha uyğundur. Dəyişə biləcəyimiz bir şey yoxdur. Vəziyyətə uyğun addım atmalıyıq”.
Qurbanov son avrokubok matçından sonra heyətdə çox dəyişikliklərin olduğunu vurğulayıb: “Zədəli oyunçularımız da var. 3-4 futbolçunun kənarda olması heç də asan deyil. Sabahkı görüşdə hər iki qapıçının meydana çıxmaq şansı var. Hələlik qərar verməmişik”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçına saat 21:45-də start veriləcək.