Qusar Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Qusar Olimpiya İdman Kompleksinin dəstəyi ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində sərbəst güləş idman növü üzrə U-17 zona birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birinciliyin açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar Olimpiya İdman Kompleksin direktoru Elşən Məmmədov, Xaçmaz Olimpiya İdman Kompleksin direktoru Rafiq Zülfüqarov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov və 70 nəfər idmançı iştirak etmişdir.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra çıxış edən natiqlər idmançıları salamlamış, onların hər birinə uğurlar, qələbələr arzulamışlar.

Daha sonra sərbəst güləş idman növü üzrə zona birinciliyinə start verilmişdir.

Qeyd edək ki, zona birinciliyin qalibləri Respublika birinciliyinə vəsiqə qazanmışlar.