“Ardıcıl 7 mövsümdür Azərbaycan çempionu olan “Qarabağ”dan fərqli, rəqibi “Sileks” heç ölkəsinin aparıcı klubu deyil. Məsələn, bir faktı qeyd edim, Kratovo şəhərciyinin təmsilçisi sonuncu dəfə 2009-cu ildə Şimali Makedoniyanın əsas millisinə oyunçu verib”.

Rekord.az xəbər verir ki, bunu apasport.az-a “Qızıl top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadə deyib.

Tanınmış jurnalist Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. O, avqustun 18-19-da Şimali Makedoniyanın “Sileks” klubu ilə ev görüşü barədə fikirlərini açıqlayıb:

“2014-cü ildən avrokuboklarda, mütəmadi olaraq, qrup yarışında çıxış edən “Qarabağ”dan fərqli, makedoniyalıların klub futbolunda ən böyük uğuru yalnız 2017/18 mövsümündə “Vardar”ın Avropa Liqasında qrup mərhələsinə çıxması olub.

Azərbaycan UEFA-nın reytinqində Şimali Makedoniyanı 2010-cu ildən qabaqlayır. O vaxtdan bəri “Qarabağ” iki dəfə bu ölkənin “Metalurq” (Skopye) komandasını mübarizədən kənarlaşdıra bilib.

Azərbaycan çempionu bu səbəblərdən “Sileks”lə mübarizədə aşkar favorit sayılsa da, “Neftçi”nin 2016-cı ildə, rəqibini ciddiyə almayaraq, Makedoniya “Şkendiya”sı ilə “duel”dən məğlub (0:0, 0:1) ayrıldığını da unutmamalıdır”.