“Qış fasiləsində mütləq güclənməliyik” – Füzuli Məmmədov
- 07 Dek 2025 17:14
- 46
“İstəyirdik ki, uduzmayaq. Təəssüf ki, səhvlərimizə görə uduzduq”.
Rekord.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 14-cü turunda “Şamaxı”ya məğlub olduqları matçı şərh edərkən deyib. Mütəxəssis matça hazırlıq üçün vaxtın az olduğunu, bərpa və taktiki məşqlərlə kifayətləndiklərini bildirib:
“Rəqibi təhlil etmişdik, futbolçulara məlumat vermişdik. Təəssüf ki, səhvlərimizə görə uduzduq. Amma ruhdan düşmürəm. Qarşıda 2 oyunumuz var, maksimum hazırlaşıb daha yaxşı komanda olacağıq. Bunun öhdəsindən yalnız işləməklə və məşq etməklə gələ bilərik. Futbolçuların əzmkarlığı, inamı sayəsində uğur qazanacağıq”.
F.Məmmədov jurnalistlərin suallarını cavablandırarkən klub rəhbərliyinin tez-tez məşqçi dəyişməsinə "Bu, onların qərarıdır", - deyə münasibət bildirib, lakin özünə və komandasına inandığını vurğulayıb.
O, "Qarabağ" və "Şamaxı" ilə oyunlardakı eyni nəticəni (0:2) hazırlıq üçün zamanın azlığı, futbolçulara yükləmə verə bilməmələri və fiziki çatışmazlıqlarla əlaqələndirib. Baş məşqçi oyundan sonra azarkeşlərin etirazını anlayışla qarşıladığını, onların qələbə istəyində haqlı olduqlarını etiraf edib.
Qış planlarından və transferlərdən danışan Fizuli Məmmədov, hazırda əldəki heyətlə davam etdiklərini, lakin rəhbərliklə danışıb fasilədə mütləq güclənməli olduqlarını diqqətə çatdırıb.
Bununla yanaşı, mütəxəssis rəsmi sənədlərdə baş məşqçinin hələ də Azər Haşımov olması məsələsinin tezliklə həll olunacağına inandığını, rəqibləri "Kəpəz"in də Yevlax stadionundan istifadə etməsinin isə ondan əvvəl verilmiş qərar olduğunu, buna bəlkə yanvarda baxıla biləcəyini qeyd edib.
Füzuli Məmmədov futbolçularının texniki səviyyəsinin aşağı olması barədə iradlara isə belə cavab verib:
“Xeyr, ola bilər ki, siz belə görürsünüz. Rəqibin təzyiqi buna çox təsir edir. İnanın ki, futbolçularda özünəinam artsa, ötürmələr və açılmalar da daha yaxşı səviyyədə olacaq”.