Belə qorxaq start heyəti ilə meydana çıxmaq cinayətdi.

Yoxlasaq, hətta Cəbəllüttariq belə ilk dəqiqələrdən oyuna sırf 6 müdafiəçi ilə qoşulmur. Yoxdu Avropada bunu edən başqa ölkə.

Hətta 11 oyunçunun 11-nin də müdafiəyəmeylli oynaması olar, amma bizim oynatdığımız, cənab De Byazinin oynatdığı tamam ayrı şeydi.

Məsələ taktika da deyil, əslində. Sən Mitroviçin qarşısına Bədəlovla çıxanda nəticəsi də belə olmalıdı.

Ora 6 yox, lap 32 dənə də Bədəlov yığsan, onların 32-si də boşluq verəcək və sən məğlub olacaqsan.

Hə, deyə bilərsiz ki, məşqçi nə etsin ki, bizdə həmin Bədəlovdan yaxşısı yoxdu? Desəz, cavabım o olacaq ki, əvvəla yaxşılarımız olsaydı, bu məşqçiyə nə ehtiyacımız vardı?

İkincisi də ki, De Byazi müəllim gələn gündən dilini dinc qoyub "bura nəticə qazanmağa gəlmişəm", "Portuqaliya hələ bilmir ki biz onları yenəcəyik" tipli populist çıxışlara yol verməzdi.

Buyursun, göstərsin əldə etdiyi nəticələri. O və onu Azərbaycana gətirib başımızın üstünə qoyanlar.

Qayıdaq, müdafiəyə. Qapıçını saymasaq, meydandakı 10 nəfərdən 6-sı müdafiəçidisə, bu sənin qol vurmaq fikrinin olmaması, ya da təsadüf və ya bəxtə güvənməyinə işarədi.

Yaxşı, deyək ki, irəli atıldın, pressinqi kim edəcək: Salahlı, ya Krivatsyuk? Tək Qurbaniylə də bu iş alınmaz.

Taktikaya daha dərin girmək üçün elektron media uyğun gəlmir, burda bir qəzet səhifəsi, ya da azı 1 saatlıq veriliş lazımdı ki, danışıb, yazıb bitirə biləsən. Odu ki, başqa məqamları qeyd edim.

Namiq Ələskərov hanı? Niyə çempionatın bombardiri, hazırda dünyada ən formada olan azərbaycanlı futbolçunun adı heç ehtiyatda da yoxdu?

Yoxsa Əmrəlinin vəziyyətinə düşməməsi üçün belə edilib və milli komandanın maraqları "Neftçi"nin maraqlarına qurban verilib?

Belədisə, bir bəla, deyilsə, ikinci bəla ki, bu səviyyədə futbolçuya bizim həşəmətli məşqçimiz heyətdə 1 dəqiqə belə şans vermir. İtalyandakı lüksə, rahatlığa bax...

Bu komanda serbləri yenə də bilərdi. Amma bilmədi. Çünki qələbə pulla qazanılmır. Qələbə pulun düzgün xərclənib, ortaya qoyulan işlə qazanılır.

Heyəti ulduzlarla dolu olan Serbiya yığması çempionatı rəzil günündə olan, uşaq futbolu olmayan, ərazisini 90 faizində peşəkar klub olmayan, yığmasının start heyətinin yarıdan çoxu öz ölkəsinin yetirməsi olmayan bir milliyə niyə məğlub olmalıdı? İlahi ədalət də var axı...

Kənan Məstəliyev