
"Qəbələ"nin qarşısına hədəf qoyulmayıb MÜSAHİBƏ
- 30 Yan 2022 17:00
- 610
Premyer-liqanın 2021/22 mövsümü start götürəndə heç kim düşünməzdi ki, “Qəbələ” yüksək yerlər uğrunda mübarizə aparacaq.
Lakin “qırmızı-qaralar” ilk iki dövrədə baxımlı oyun sərgiləməklə fasiləyə 2-ci sırada yollandı. Təbii ki, bunda klub rəhbərliyinin və baş məşqçinin işi önə çıxır. Bölgə təmsilçisi də digər klublar kimi Antalyada təlim-məşq toplanışında oldu. Komanda burda üç yoxlama görüşü keçirdi. Klub rəhbərliyi futbolçuların problemlə üzləşməməsi üçün əlindən gələni etdi. Təbii ki, prezident Fariz Nəcəfovun adını xüsusi vurğulamaq lazım gəlir. Toplanışda komandanı tək buraxmayan başqanla söhbətləşməyi özümüzə borc bildik.
- Qış fasiləsində keçirilən yoxlama görüşləri komandaya hansı faydanı verdi?
- Ümumiyyətlə, əvvəlcədən Antalyada təlim-məşq toplanışının keçirilməsi ilə bağlı planımız yox idi. Bu səbəbdən də təşkilati işlərdə çətinliklər yaşadıq. Düşünürəm ki, lazım olan işləri vaxtında qaydaya sala bildik. Həmişəki kimi təlim-məşq toplanışını keçdik. Komanda tam hazır deyil. Amma düşünürəm ki, kubokda “Sumqayıt”la matça kimi hər şey yoluna qoyulacaq. Buna ümid edirik.
- Antalya toplanışını nəzərə alıb, “Qəbələ”nin premyer-liqanın ikinci yarısında və kubokda iddialı ola biləcəyini söyləyə bilərik?
- Bilirsiz ki, hazırda oyunçu baxımından problem yaşayırıq. Bu problemə görə çətinlik yaşaya bilərik. Ümumi fiziki hazırlığı nəzərdə tutursuzsa, bu haqda məşqçi danışsa, daha yaxşı olar. Bildiyim qədər “Sumqayıt”la oyuna kimi hər şey qaydaya düşəcək.
- Qeyd etdiz ki, heyətdə zədəlilər var. Bunu nəzərə alıb, daha bir transfer etmək haqda düşünürsüz?
- Qış “transfer pəncərəsi”ni nəzərdə tutursuzsa, yox. Bir futbolçu ilə yekunlaşdırmaq istəyirik. Ümid edirik ki, zədəli oyunçular qısa zamanda sıralarımıza dönəcək. Arzu edirəm ki, çempionat ərzində sarı və qırımızı vərəqələrimizin də sayı az olar. Buna baxmayaraq, akademiyamızın yetişdirdiyi futbolçular var. Hesab edirəm ki, onlar həm zədəlilərin, həm də cəzalıların yerini doldura bilər. Bu onların da xeyrinədi. Çünki gənc futbolçular daha çox təcrübə qazanıb, ölkə futbolunda adlarından söz etdirə bilərlər.
- Bu mövsüm “Qəbələ” həqiqətən də yaxşı çıxış edir. Bir çoxları klubunuzu nümunə göstərir. Klub prezidenti olaraq komandadan nə gözləyirsiz? Çempionatda daha yaxşı nəticələr əldə edib, avrokuboklara vəsiqə qazanmaq, yoxsa Azərbaycan kubokunun qalibi olmaq istəyirsiz?
- Bu barədə danışmaq istəmirəm. Çünki mövsümün əvvəlində də komandanın qarşısına hədəf qoymamışıq. Məqsədimiz hər oyunda yaxşı mübarizə aparıb, qələbə qazanmaqdı. Hər şey qaydasında getsə, nailiyyət əldə edəcəyik. Amma kubokun qalibi olmaq, çempionatı hansısa yerdə bitirməklə bağlı komandanın qarşısına şərt və tələb qoymamışıq.
- Deyə bilərik ki, “Qəbələ”nin əsas məqsədi yerli futbolçularla yaxşı komanda formalaşdırmağın mümkünlüyünü sübut etməkdi?
- Biz heç kimə nəyisə isbatlamağa çalışmırıq. Özümüzün qarşımıza qoyduğumuz məqsəd bəllidi. Düzdü, prioritet olaraq gənc futbolçuların yetişdirilməsini hədəfləyirik. Əsas və əvəzedici komanda üçün oyunçu hazırlamaq barədə düşünürük. Bundan əlavə, hesab etmirəm ki, “Qəbələ”də legioner sayı azdı. Ümumilikdə digər klublardan geri qalsaq da, oyunlar zamanı meydana kifayət qədər əcnəbi futbolçumuz çıxır. Uğurlu çıxışımızın tək səbəbi var: legioner futbolçularla yerlilər arasında yaxşı vəhdət təşkil olunub. Bu səbəbdən də onlar özlərini göstərə bilirlər. Biz əvvəlcədən bunu hədəfləyirdik. İstəyimizə çatdığımıza görə sevincliyik.
- Büdcənin azaldılması “Qəbələ”yə necə təsir etdi? Hansı problemləri yaşadız?
- Maliyyənin azalması akademiyamıza təsirsiz ötüşmədi. Həm məşqçilərimizin, həm personalımızın, həm də yataqxanada yaşayan futbolçuların sayında məcburi dəyişiklik etdik. Bu da ümumi işin nəticəsinə mənfi təsir göstərir. Problemlərə baxmayaraq, elita səhnəsində yetirmələrimizi görəcəyik. Hazırda əsas komandamızın heyətində 7-8 gənc futbolçu var. Onlardan artıq bir neçəsi bu mövsüm oynamaq, özünü göstərmək şansı da qazanıb. Və eyni templə akademiyamızdan yeni futbolçular çıxmağa davam edəcək.
- Komanda uğur qazansa, büdcə artırıla bilərmi?
- Futbolun biznes kimi inkişafı klubumuz üçün prioritet məsələlərdəndi. Bu mənada bir sıra şirkətlərlə danışıqlar aparmağa davam edirik. Ümid həmişə var. Bu mövsüm olmasa belə, növbəti mövsüm büdcədə müəyyən artım gözləyirik.
- Bəzi futbolçularınıza indidən maraq var. Əsasən də Rövlan Muradovla Ülvi İsgəndərovun adı transfer xəbərlərində tez-tez hallanır. Onlarla bağlı sizə müraciətlər olub?
- Yox, olmayıb. Amma istəsələr, sevinərik. Hər ikisi akademiyamızın yetirməsidi. Yetişdirdiyimiz oyunçulara görə bizə təklif gələndə sevinirik. Çünki işimizin bəhrəsini görmüş oluruq. Bu isə daha da həvəslənməyimizə təkan verir. ("Futbol plus")