2021/22 mövsümü üçün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Ürfan Abbasovu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Səbail”lə yollarını ayıran 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2019-21-ci illərdə “Səbail”in şərəfini qoruyan Ürfan iki illik fasilədən sonra sabiq komandasına qayıdıb. 2011-19-cu illərdə “qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur. O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var. 

Ürfan Abbasov 2015-ci ildə debüt etdiyi Azərbaycan milli komandasında 9 oyun keçirib, 1 qol vurub.