Bildiyiniz kimi, bir neçə ay öncə "Qəbələ" klubu ilə "EUROCLİMA” şirkəti arasında müqavilə imzalandı. Müqaviləyə görə sözügedən şirkət sırf olaraq "Qəbələ" Futbol Akademiyasına maliyyə dəstəyi göstərəcəkdi. Klubun prezidenti Fariz Nəcəfov jurnalistlər önündə verdiyi açıqlamada əsas məqsədlərinin akademiyanın yarımçıq qalmış binasını yekunlaşdırmaq olduğunu demişdi. Bəs görəsən aradan keçən müddətdə "Qəbələ" Futbol Akademiyasında hansı yeniliklər olub, akademiyanın binası ilə bağlı yenilik varmı?

Rekord.az olaraq sualımızı klubun baş meneceri, uzun müddət akademiyada rəhbər postlardan birini tutan Nail Kərimova ünvanladıq.

Kərimov akademiyanın binası ilə bağlı xoş xəbər deməsə də, ümumilikdə irəliləyişlər olduğunu bildirdi: "Akademiyanın binasının başa çatdırılması üçün böyük vəsait lazımdır. Buna görə də bu məsələnin hazırkı dönəmdə həlli real deyil. Amma yeni sponsorun gəlişindən sonra bir sıra irəliləyişlər olub, futbolçulara daha yaxşı xidmət-serviz göstərilir".