“Zirə” bu gün Misli Premyer Liqasının 24-cü turunda “Qarabağ”ı qəbul edib.


Rekord.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib. Sadıqov oyuna yaxşı başladıqlarını bildirib:


“Oyun bizim üçün yaxşı başladı. Yaxşı, təhlükəli hücumlarımız oldu. “Qarabağ” hesabı açandan sonra oyunumuzda bir az eniş oldu. Rəqib hətta ikinci qolu da vura bilərdi. Hissənin sonlarında yenidən toparlandıq. İkinci hissəyə də yaxşı başladıq. Dəyişikliklər etdik və hesab arasındakı fərqi azaltdıq. Bir az da basqı edib, bərabərlik qolunu vurmaq istəyirdik. Təəssüf ki, alınmadı. Oyunçularım sona kimi mübarizə apardılar, yaxşı döyüşdülər.


“Qarabağ” Çempionlar Liqasından kənarlaşdıqdan sonra hiss olunur ki, bütün diqqətini çempionata yönəldib. Bu cür komandaya qarşı uğurlu nəticə qazanmaq üçün gərək sənin də komandan tam hazır olsun. Çox ciddi itkilərimiz var. Brahima Konate zədəlidir, Qismət Alıyev beş gündür qızdırmadan yatır. Həqiqətən, bu gün Qismətin yerini doldura bilmirik. Qarşıda çox sıx qrafikimiz olacaq. Ona görə, istəyirik ki, bütün futbolçularımız optimal formada olsun.


Epizodlara paltardəyişmə otağında baxdım. Mənə görə, hər ikisi penalti idi. Bu gün həmin penaltilər verilsəydi, əminəm ki, şərhlərdə hər kəs deyəcəkdi düzgün qərardır. Verilmədiyinə görə isə, hamı deyəcək ki, penalti yox idi. Qalır hakimlərin qərarlarına. Ona görə deyirəm ki, mübahisəyə açıq epizodlardır.


Qomis zədələnib. Bilmirəm, “Karvan-Yevlax”la oyunda 10-15 dəqiqə oynayar, oynamaz. Amma görünən odur ki, milli fasildən sonra qayıdacaq.


Bu gün məqsədimiz odur ki, sona kimi mübarizə aparaq. Mövsümün sonunda, xüsusilə də, avrokuboklara düşmək istəyirik. Amma rəhbərlik bizim qarşımıza belə bir hədəf qoymayıb. Sadəcə, özümüz əlimizdən gələni edirik ki, mövsümün sonunda avrokuboklara düşən komandalardan biri biz olaq”.