
"Qarabağ" ağır səfərə niyə tək - mediasız gedir? AÇIQLAMA
- 02 Fev 2022 13:46
- 566
Fevralın 17-də "Qarabağ" Konfrans Liqasının pley-offunda ağır səfər matçına çıxacaq. Rəqib güclü və adlı-sanlı Fransa "Marsel"idi. Oyunun idman əhəmiyyəti və bizim üçün bu baxımdan tarixiliyinə şübhə yoxdu. Amma iş elə gətirib ki, pərdəarxası məqamlar oyunun özündən önə çıxıb.
Şübhəsiz, düşmən ermənilərin çox kompakt yaşadığı, əhalisinin rəsmi şəkildə azı 10 faizinin erməni olduğu şəhərdə "Qarabağ"a istənilən dəstək vacibdi. Bura azarkeş və ictimaiyyətin digər nümayəndələri ilə yanaşı, media da daxildi. Əminliklə söyləmək olar ki, təmsilçimizin Marsel səfərində təxribatlar olacaq, komandaya maksimum təzyiq göstəriləcək və bu da istər-istəməz oyuna öz təsirini göstərəcək. Yerli media da yazıları, oyunöncəsi və sonrası mətbuat konfransları və açıqlamalarında öz ermənipərəst mövqeyini ortaya qoyacaq. Bütün bunlara qarşı atılacaq addımlardan biri də bir qrup azərbaycanlı jurnalistlərin komanda ilə birgə səfərinin təşkil olunmasıdı. Bu günə qədər klubun bu baxımdan apardığı siyasətə toxunmamışıq, çünki bu, daxili məsələdi, qərarlarında sərbəstdilər. Ancaq faktiki ermənilərin içərisinə edilən səfərə - faktiki milli döyüşə "Qarabağ" tək getməməli idi. Lüksemburqdakı dron hadisəsi və digər təxribatlar hələ də yaddaşımızda təzədi və eyni şeyin təkrarlanmayacağına heç kim zəmanət verə bilməz.
Bəli, hazırda səfərlə bağlı çətinliklər var, pandemiya öz müdaxiləsini edir, iş çətindi. Ancaq milli məsələ üçün bu dəfə bu çətinliyə də qatlaşmaq olardı.
Məsələ ilə bağlı klubun mövqeyini öyrənmək vacib idi. “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadənin məsələyə münasibəti belə oldu: “Hətta komandanın səfərində belə çətinliklər var. Məlum vəziyyəti bilirsiz, Fransa hökümətinin qərarı var. Təbii ki, biz də klub olaraq istəyirik ki, əvvəlki illərdə olduğu kimi addımlar ataq. Bilirsiniz ki, əvvəllər də səfərləri təşkil etmişik, bu dəfə istəyirik, ancaq bu il əvvəlki illərlə müqayisədə durum bir qədər fərqlidir. İlk növbədə nəzərə almaq lazımdır ki, yeni qaydalara əsasən jurnalistlərə komanda ilə eyni təyyarədə səfərə icazə verilmir. Başqa çətinliklər də var. Bu səbəbdən də böyük təəssüf hissi ilə qeyd edə bilərəm ki, klubumuz bunu istəsə də, əlindən gələni etsə də, media nümayəndələrinin bizimlə Marselə səfəri alınmır. Ümid edirəm ki, həmkarlarımız bunu anlayışla qarşılayacaqlar”.