Qış transfer dövründə bir neçə oyunçusu komandadan ayrılan “Qalatasaray” onların yerini doldurmağa hazırlaşır. Xüsusilə Ancelinyonun “Roma”ya gedişindən sonra sol cinahda yaranan problem daha ciddidi və “sarı-qırmızılılar” məhz bu istiqamətdə fəallıq nümayiş etdirirlər. Transfer siyahısında Azərbaycan təmsilçilərinin də adı var.

“Rekord.az”-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, “Qalatasaray” yenidən ölkəmizə diqqət yetirmək qərarına gəlib və hədəfdəki iki futbolçunu müəyyən edib. Bunlar Elvin Cəfərquliyev və Toral Bayramovdur. “Cim-bom” “Qarabağ”ın şərəfini qoruyan bu futbolçulara ötən yayda da maraq göstərmiş, ancaq sonradan planları dəyişmiş, başqa oyunçular gətirilmişdi. 

Azərbaycanlı futbolçuların bu mövsüm türkiyədə legioner statusu daşımaması da bu məsələdə xüsusi rol oynayır. “Qalatasaray” bu transfer ehtimalı barədə hələ ki, rəsmi açıqlama verməyib, ancaq müzakirələr davam edir. Türkiyədə qış transfer pəncərəsi fevralın 9-da bağlanacaq.

Məsələ ilə bağlı “Qarabağ” tərəfinin də  mövqeyini öyrəndik. Klubdan “Rekord.az”-a verilən açıqlamada bu barədə heç bir rəsmi müraciət və ya şifahi danışıq olmadığı, məsələnin hazırda aktual olmadığı bildirildi.