AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yeni mövsüm Azərbaycan liqaları ilə bağlı açıqlama verib.

Rekord.az-ın xəbərinə görə, bu gün qurumun Hesabat Konfransından sonra təşkil edilən mətbuat konfransında E.Məmmədov bildirib ki, yeni mövsümdə Premyer Liqada 10 komanda iştirak edəcək.

AFFA rəsmisi Premyer Liqaya cəlb ediləcək əlavə 2 komandanın hansı olacağı haqda indidən nəsə deməyin çətin olduğunu vurğulayıb: “Çünki lisenziyalaşdırma işlərindən asılıdır. I divizionda iştirak edən bütün klublarla sıx əməkdaşlıq davam edir. İnanıram ki, 3-4 namizəd olacaq. Onlardan minimum ikisi qəbul ediləcək”. 

O deyib ki, I divizionda 1-2-ci yeri tutmaq da önəmlidir: "Amma lisenziyalaşdırma qaydalarına uyğun iş təşkil çox vacibdir. Əvvəlki illərin təcrübəsi göstərdi ki, bölgə komandaları lisenziyalaşdırma qaydalarının tətbiqinə daha çox təşəbbüs göstərirlər".

E.Məmmədovun sözlərinəı görə, birinci diviziondan yüksək liqaya 2 komanda yüksələcəyi üçün Regionlar Liqasından birinci diviziona yeni 2-3 komandanı cəlb etməyə çalışacaqlar.