
Premyer Liqa ilə bağlı "Kəpəz" və "Turan Tovuz"a heç nə deyilməyib
- 04 Fev 2022 14:00
- 692
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov növbəti mövsümdə Premyer Liqada komanda sayının 10-a çatdırılması ilə bağlı növbəti anonsu verdi. Amma dedi ki, fors-major olmasa. Onun bu açıqlamasından sonra yenə də ağla gələn ilk iki komanda "Kəpəz" və "Turan Tovuz" olur. Amma bir məsələ var ki, Məmmədov bu dəfə ad çəkmədi.
Biz də Rekord.az olaraq şəxsi əlaqələrimizi işə salıb Gəncənin və Tovuzun futbol dairələrindən müəyyən məlumatlar toplamağa çalışdıq.
Belə məlum oldu ki, bu günə qədər Premyer Liqada iştirakla bağlı nə "Kəpəz", nə də "Turan Tovuz" rəhbərliyinə heç nə deyilməyib. Nəzərə alaq ki, federasiyanın belə planı varsa, indidən buna hazırlaşmaq lazımdır. Ən azı klublara qeyri-rəsmi formada məlumat göndərilir. Ancaq belə məlumatların olmaması yenə də müəyyən şübhələrə yol açır. Həmişəki kimi, mövsümün gedişində söz verilir, sonra da məlum olur ki, heç kim lisenziyalaşdırma şərtlərini yerinə yetirə bilməyib...