Premyer-liqa təmsilçiləri hazırda istirahətdə olsa da, onların tətili çox çəkməyəcək. Artıq gələn ayın ilik günləri elita klubları təlim-məşq toplanışı üçün Antalyaya üz tutacaq.

Rekord.az xəbər verir ki, bir komandanın başqa ölkədə toplanış keçməsi heç də düşünüldüyü qədər asan məsələ deyil.

Aviabiletlər, məskunlaşma, nəqliyyat, məşq meydanları, yoxlama görüşləri üçün rəqiblərin tapılması – bunlar hamısı vaxt aparan, dəqiqlik tələb edən işlərdi. Adətən, klub rəsmiləri iki ay öncədən bu məsələnin həlli üçün qollarını çırmalayır. Onu da qeyd edək ki, hazırda dünyada bir çox şirkət var ki, məhz belə məsələləri həll edir, fəaliyyətini bu istiqamətdə qurur. Bir neçə ay öncə Azərbaycanda Nurlan İbrahimovun təsis etdiyi “Cansports travel and consulting” şirkəti fəaliyyətə başlayıb. Xatırladaq ki, İbrahimov “Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbəridi və məlum hadisə üzündən FİFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.

Maraqlıdı, qış təlim-məşq toplanışı dönəmində İbrahimovun şirkəti ilə əməkdaşlıq edən klublarımız var? Varsa, Nurlan bəy bu məsələni necə həll edib? Bizi marqlandıran suallara cavab tapmaq üçün “Cansports”un rəhbəri ilə əlaqə saxladıq:

“Təsis etdiyim şirkət oktyabrın ortalarından fəaliyyətə başlayıb. Bəlkə də bu səbəbdən klublarımız hələ ki bizmlə əməkdaşlıq etmir. Əvvəlki illərdə çalışdıqları şirkətlərə üz tutublar. Ümid edirəm ki, 2023-cü ilin yayında müştərilərimiz arasında olacaqlar. Özüm uzun illər futbol sahəsində çalışdığımdan toplanşın necə təşkil olunduğunu yaxşı bilirəm. İnanıram ki, təkliflərimiz onları qane edəcək. O ki qaldı üzümüzə gələn toplanışa, bu dəfə PFL və “CBC Sport”un əməkdaşlarının Antalyaya səfər proqramını həll edəcəyik”. ("Futbol plus")