
"Özündə gələcək görən futbolçu bugün “Sumqayıt”a niyə gəlsin ki?" MÜSAHİBƏ
- 05 Yan 2023 17:00
- 1082
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Rekord.az-a müsahibə verib: Onu sizə təqdim edirik.
- Qış fasiləsinə qədər olan dönəmi necə dəyərləndirirsiniz?
- Hər şey göz qabağındadır. Düşünürdük ki, qışa kimi ən azı kubokda yaxşı çıxış edək ki, ümumi işimizə xeyir olsun. O da əfsus ki, olmadı. Doğrudan da çox əziyyət çəkdik. Bir sözlə, durum ürəkaçan deyil. Ümumi şəhər üçün. Bilirik ki, bundan sonra da çətin olacaq, amma bacardığımız nədir maksimum ortaya qoyacağıq.
- Komandanı qəbul edəndə minimum hədəflə bağlı rəhbərliklə danışığınız olmuşdu?
- Yox, elə bir söhbətimiz olmamışdı, əsas danışığımız gələcəyin komandasını qurmaqla bağlı idi. Hazırkı durumda nə isə demək çox çətindir. Biri var “sınmış” komanda, biri də var, “sınıb” uçurumun dibinə düşmüş komanda. Biri var futbolçunun fiziki hazırlığını düzəldəsən, biri də var moralını. Futbolçu uduza-uduza gəlir və sən onu mütləq şəkildə inandırmalısan ki, növbəti turda oynayacağımız rəqibi uda bilərik, sən onların futbolçularından zəif deyilsən.
- Bu arada, yenidən “Sumqayıt”a qayıtmaq sənin üçün gözlənilməz olmadı ki?
- Gəlin, nə özümüzü, nə də camaatı aldadaq. Bura Azərbaycan çempionatıdır. Guya “Sumqayıt”a gəlməyib başqa komandaya getsəydim, həmin komanda xüsusi olaraq, “Sumqayıt”dan nə ilə fərqlənəcəkdi?
- “Sumqayıt”dan başqa təklif var idi?
- Ümumiyyətlə, Azərbaycan klublarından təklif yox idi. Yayda Avropa komandalarından biri ilə danışıq gedirdi, o da sonradan alınmadı. “Sumqayıt” tanıdığım komandadaır, özüm də burdan çıxmışam, gələcək üçün hansısa iş qurmaq baxımından daha rahat idi.
- Samir Abasovun qoyub getdiyi “Sumqayıt”la hazırkı “Sumqayıt” arasında nə fərq var?
- Bu gün seçim çoxdur, imkanlar çoxdur. Əvvəl sən məcburiyyət qarşısında idin, amma indi o məcburiyyət yoxdur. Legioner qadağasının götürülməsi imkanlar daxilində baş məşqçinin əl-qolunu açır. Əvvəl amma düşüncə bu idi: kim çöldə qalıb, kim klubsuzdur, kimi götürə bilərik? Özü də daha çox icarəyə futbolçu götürürdük. Bu gün amma ümumiyyətlə, icarə haqqında düşünmürük. Kimisə icarəyə götürüb yetişdirib hazır vəziyyətdə öz klubuna qaytarmaqdansa, özümüz pul verib alıb özümüz üçün yetişdirərik.
- Neçə futbolçu ilə yollar ayrılıb, neçə futbolçu ilə danışıq gedir?
- 3-4 futbolçu gedib, lazım olmayan daha 1-2 futbolçu da gedəcək. Problem bu deyil. Problem odur ki, işimiz daşa dirənib.
- Nə barədə?
- Perspektiv barədə. Məsələn, xaricdən gətirdiyin futbolçuya nə vəd edə bilərsən? Pul? Tamam. Başqa? Etiraf edək ki, Azərbaycan futbol ölkəsi deyil. Ən azı Polşa, Macarıstan, Çexiya, Xorvatiya da deyilik. Oraları görmüş bir futbolçuya nə vəd verib Azərbaycana gətirə bilərsən? Ən azı Avropa Liqasında, Konfrans Liqasında oynamaq perspektivin olmalıdır. Bu baxımdan istədiyimiz, maraqlandığımız hər futbolçuda bir maneə çıxır. Gələcək görmədikləri kluba gəlmək istəmirlər.
- Maraqlıdır, “Kəpəz” Şuaybu, Azzaya, “Turan Tovuz” Runi Eva, Natan Oduva kimi futbolçuları gətirə bilər. “Sumqayıt” ən azı bu səviyyədə də futbolçu ala bilmir?
- Bu vaxta kimi nə olubsa, mənə aid deyil. Amma bu gün sisizn adlarını çəkdiyiniz klublar da 6-7 futbolçu gətirir və 1-2 nəfər özünü daha yaxşı göstərir. Razıyam, bu baxımdan biz heç bir nəfərin də adını çəkə bilmərik. Bu baxımdan problemimiz var.
- Amma Qadzenin gəlişindən sonra hücum xəttindən müsbətə doğru nələrsə dəyişdi...
- Bilirsiniz, Qadze əvvəl burda oynayıb, bir növü bu çempionatdan çıxıb. Lap az öncə adını çəkdiyiniz Oduva da. Onlar üçün uyğunlaşmaq daha rahat olur. Bizim əsas istəyimiz odur ki, gələn mövsümün onurğasnı indidən quraq. Bunu bacarsaq, növbəti mövsüm daha iddialı ola bilərik.
- Belə başa düşdüm ki, əsas hədəflər növbəti mövsüm üçündür...
- Bəli. Növbəti mövsüm üçün iddialı komanda qurmaq istəyirik. Bu mənada hazırda götürdüyümüz futbolçuların bizə hansı dərəcədə fayda verməsindən çox asılı olacaq. Hazırda Antalyaya getməyə hazırlaşırıq. Amma başımızı tutmuşuq ki, istədiymiz futbolçunu düşərgəmizə dəvət edə biləcəyik. Dünən iki legionerlər danışmışdıq, bu gün xəbər yoxdur. Onları da qınamıram. Özündə gələcək görən futbolçu bugün “Sumqayıt”a niyə gəlsin ki? Təbii ki, biz öz tərəfimizdən şəraitimizi, stadionumuzu, nazamızı, yni tiilən stadionu göstəririk ki, hər şey belə qalmayacaq, bu qədər tikinti boşuna tikilməyib.Amma biri var bir azərbaycanlını inandırasan, biri də var hansısa legioneri. Onların yanaşması başqadır. Gəlməyə razılıq verən də bura sonuncu variant kimi baxır. Belə deyək, birinci variantı yoxlayır, ikincini yoxlayır, alınmayanda üçüncü variant kimi bizimlə danışır. Amma üçüncü variant da belə bu qədər çətinlik çəkirik.
- Donald Geryenin adı klubunuzla yanaşı çəkilirdi...
- Yox, Gerye heç vaxt biim planımıza daxil olmayıb. Hazırda vacib hesab etdiyimiz mövqelər üzrə 2-3 futbolçu ilı danışıqlar gedir. O da elədir ki, biri 2 gün vaxt istəyir, biri 4 gün vaxt istəyir, onların vaxt istəmələrini də anlayıram, yuxarıda dediyim kimi, o alınmayacaq, bu alınmayacaq, üçüncü variant kimi bizə baxırlar. Biri var bu gün “Neftçi” üçün futbolçu seçəsən, biri də var “Sumqayıt” üçün. Hətta “Zirə” və “Sabah” üçün belə, futbolçu seçmək bizdən asandı. Çünki perspektivləri var, gələn futbolçu turnir cədvəlinə baxır görür ki, ən azı avrokuboklara yollanmaq şansı var. Bizim isə belə şansımız yoxdur. Bura gəldiyim gündən bu günə kimi neçə futbolçuya baxmışıq. Elələri var ki, çempionatları oktyabrda bitib. İsveç, Norveç, Litva və s. Neçəsindən xəbər gözlədik, bir şey çıxmadı. Bəlkə də düşdüyümüz durumdan çıxıb qışa qədər 4-cü pilləyə yüksəlsəydik, həmin futbolçuların yarısı ilə müqavilə bağlamışdıq. Amma özümüz özümüzü bu hala salmışıqsa, şikayət etməyı də halımız yoxdur. Biz hazırda bu heyətlə olsa belə, yaya kimi oynamalı və ən azı çempionatda qalmalıyıq. O başqa məsələ ki, bu heyət bunun üçün yetərli olacaq, ya yox.
- Belə başa düşdüm ki, heç olmada kubokda yarımfinala vəsiqı qazansaydınız, bu baxımdan işiniz daha asan olardı.
- Perspektiv baxımından, bəli.
Anar XANLAROV