Çimərlik voleybolu üzrə ölkə çempionatının püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 21–25 iyul tarixlərində keçiriləcək çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimi baş tutub.

Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının icraçı direktoru Vüqar Hüseynzadə, çimərlik voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə və klubların nümayəndələri iştirak ediblər.

V.Hüseynzadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və ölkə çempionatında iştirak edən komandalara uğurlar arzulayıb.

Daha sonra Orxan Hüseynzadə yarışın qaydaları barədə ətraflı məlumat verib. O qeyd edib ki, çempionat Avropa Voleybol Konfederasiyası tərəfindən keçirilən klublararası Avropa çempionatının qaydalarına uyğun təşkil olunacaq. Yarışın qalibi olacaq komanda klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq.

Qeyd edək ki, ölkə birinciliyində 12 qadın və 11 kişi klubu iştirak edəcək. Reqlamentə əsasən, hər klub yarışa iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatıla bilər. 

Azərbaycan çempionatında iştirak edəcək komandalar:

Qadınlar: “AZERRAIL-1”, “AZERRAIL-2”, “AZERRAIL-3”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Gəncə-1”, “Gəncə-2”, “Milli Aviasiya Akademiyası-1”, “Milli Aviasiya Akademiyası-2”, “MİLLİ-1”, “MİLLİ-2”, “MİLLİ-3”

Kişilər: “AZERRAIL-1”,  “AZERRAIL-2”, “AZERRAIL-3”, “Murov Az Terminal-1”, “Murov Az Terminal-2”, “Murov Az Terminal-3”, “Murov Az Terminal-4”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Xilasedici-1”, “Xilasedici-2”.