Quba Olimpiya Komitəsi 2003-cü il oktyabrın 11-də istifadəyə verilib.

 

Rekord.az xəbər verir ki, açılış mərasimində həmin vaxt baş nazir postunu tutan İlham Əliyev də iştirak edib. 16 hektar ərazidə yerləşən böyük istirahət və idman ocağı həm də geniş imkanları ilə seçilib.


Burda futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişafı üçün hər bir şərait olub.
Kompleksdə otel otaqları ilə yanaşı, ikimərtəbəli kotteclər, geniş mənzillər, həmçinin 200 nəfərlik konfrans salonu da olub. 50 metrlik üzgüçülük hovuzu da həm məşqlərin, həm də yarışların keçirilməsi üçün tam yararlıymış.


Bütün bunlar haqda keçmiş zamanda danışmağımın səbəbi var. Qubadakı Olimpiya Kompleksini ölkədəki analoji qurğulardan fərqləndirən əsas məqam budu ki, Gənclər və İdman Nazirliyinin balansında deyil, sabiq nəqliyyat naziri Ziya Məmmədovun himayəsində olan, 2005-13 aralığında “ZQAN Holdinq” adlanan, sonradan “Qarant Holdinq”ə çevrilən şirkətlər qrupuna məxsusdu. Daha dəqiqi, kompleksdə “ZQAN Holdinq”in payı 65, Hafiz Məmmədovun “Bağlan Qrup”unun payı isə 35 faiz olub. Məmmədovların sonradan bir-birinə düşmən olmasından, nazir vəzifəsindən uzaqlaşdırılan Ziya bəyin hazırda doğma Ucarda kənd təşərrüfatı sahəsində biznes qurmasından xəbərdarsız. İş ondadı ki, bütün bu proseslər Qubadakı qurğudan da yan keçməyib. Ölkə banklarına külli miqdarda borcu olan Ziya Məmmədov ona məxsus olan qurğunu girov kimi qoyub. Borclar vaxtında ödənilmədiyindən Olimpiya Kompleksinə nəzarət Mərkəzi Banka keçib. Bununla da qurğuda idman həyatı ölüb. Hazırda orda söküntü işləri gedir, Qubadakı mənbələrimizin dediyinə görə, kompleksin təyinatı üzrə fəaliyyət göstərəcəyi, yoxsa profilini dəyişib-dəyişməyəcəyi də bilinmir.


Təsərrüfat hesablı qurğunun fəaliyyətinə son illərdə Azər Səfayev rəhbərlik edib. Əslində Azər bəy 2004-dən resepşndə çalışmağa başlayıb, maliyyə problemlərinin baş qaldırdığı 2017-dən isə direktor vəzifəsini tutub. Dediyinə görə, ciddi maliyyə problemləri ilə üzləşsələr də, 2019-un aprelinə qədər işi davam etdirib. Amma həmin vaxt kompleksə təşrif buyuran Mərkəzi Bankın nümayəndələri artıq nəzarətin Ziya Məmmədovun və oğlu Anarın borcları müqabilində bu quruma keçdiyini, onunla işləməkdə maraqlı olmadıqlarını bildiriblər. Hazırda Səfayev tam fərqli sahədə çalışır, Quba Olimpiya Kompleksində söküntü işləri isə davam edir. Bəh-bəhlə açılan, təkcə Qubanın yox, Şimal bölgəsinin sürətli inkişafına təkan verəcək idman və əyləncə kompleksi kimi baxılan qurğunun taleyi Allahın ümidinə, amma əslində Mərkəzi Bankın sədri Elman Rüstəmovun insafına qalıb. Yaxın vaxtlarda bu mövzuya qayıdacağıq.