Oğuzda qol güləşi turniri keçirilib
- 09:30
- 29
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Oğuz şəhərindəki Veteranlar Parkında həvəskarlar arasında qol güləşi turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, fiziki hazırlığın artırılması, idmana marağın daha da gücləndirilməsi, eləcə də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününün qeyd olunması olub.
Yarış müxtəlif çəki dərəcələri üzrə təşkil olunub. Turnirin hakimliyi Şəki Azadsport Regional Qol Güləşi Klubu tərəfindən həyata keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışlarda iştirakçılar yüksək idman əzmi nümayiş etdirərək birincilik uğrunda mübarizə aparıblar. Yekunda hər çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirilərək Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinin artırılması baxımından əhəmiyyət kəsb edib.