Nərimanın xilası ölkə xaricindədir
- 23:15
- 27
Bolqarıstanda bir həmyerlimiz legioner həyatı yaşayır - Cəlal Hüseynov. İki ildir oranın "Arda" adlı klubunda top qovur (arada 6 aylığına "Şamaxı"ya icarəyə gəlib-gedib). Pis də oynamır. 22 yaşı var, mərkəz müdafiəçisidir. Komandası son 1 ayda 4 matça çıxıb, 1 top belə buraxmayıb. Bu matçların hamısında Cəlal start heyətində oynayıb, ən yüksək bal alan oyunçular sırasındadır. Oyunu yaxşı alınır orada.
Lap yaxşı, ona bundan sonrasında da uğurlar arzulayıram. Sözüm isə Cəlal haqda deyil.
Təxminən 3-4 il əvvəl, hələ lap gənc olanda "Zirə"də Rəşad Sadıqov onu kapitan sarğısını belə vermişdi. Matçlardan birində Cəlal ciddi səhvlərə yol verdi. Sadıqov onu fasilədəcə əvəzlədi və oyunsonrası mətbuat konfransında bu barədə ona sual verdik. "Səhvlərinə görə oyundan çıxartdız" sualına, "xeyr, onu qorumaq üçün" cavabını verdi Sadıqov. Qeyd etdi ki, Cəlal gənc futbolçudur, səhvlərə yol verməsi normaldır. Amma oyun alınmırsa, bu səhvlərin daha da çoxalmasının qarşısını bəzən bu yolla almaq lazımdır. Onun xeyri üçün. "Gələcəkdə onu hansısa xarici klub istəsə, matçlarını izləyəndə ancaq səhvlərini görməsin" tipli bir cümlə ilə bitirdi sözünü. Çox strateji baxış bucağı idi. Yəni gəncdir, səhv edə bilər, amma biz bunun qarşısını cəza ilə yox, həm də onu qoruyaraq almalıyıq. Üstündən cəmi 1 il sonra Cəlal Hüseynov "Arda"ya transfer olundu.
Eyni şeyi Nərimana etmək lazımdır. Lazım idi. Çoxdan lazım idi. Biz zorla onu "Liverpul"un hücumçusu eləməyə, ora gedən kimi ilk sezonda 99 qol vurun "qızıl buts", "Puşkaş mükafatı", üstündən də "Qızıl top"u almasına çalışırıq, istəyirik. Daha doğrusu, Qurban Qurbanov istəyir. Ki, Nəriman böyük futbolçu olsun, böyük klublarda oynasın. Amma olmur elə. Hər keçən avrokubok matçı bu futbolçunun karyerasının üstündəki xətti daha da qalınlaşdırır. Hoca israrla ona dəstək çıxır, amma özü də bilmədən onu zərbə altında qoyur. Bütün Avropa bu səhvləri görür. Alınmır da bu uşaqda "Qarabağ"da. Alınmır.
İstəyənləri də var, bilirəm. İcarəyə getsin, yaxud transferinə icazə verilsin. Getsin, Norveçdə, ya Rumıniyada, ya Türkiyənin ortababa yaxın bir klublarında oynasın, Polşada klub tapsın özünə. Azərbaycanda qalmasın. Burada hər ötən gün daha da məhv olur. Ondan gözlənti böyükdür deyə alınmayanda təzyiq də böyük olur, durum daha da ağırlaşır. Heç olmasa bir mövsüm ölkədən kənara çıxmalı, özünü unutdurmalı, nəfəs dərməlidir. "Burada alınmırsa, orada da alınmayacaq" söhbəti yoxdur. Bunu heç kim əvvəlcədən bilə bilməz.