
"Neftçi"yə hədiyyə edilən 3 xal
- 13 Mar 2023 11:00
- 608
"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Neftçi" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, oyunun ədalətli nəticəsi heç-heçə idi. Bəli Vüqar müəllim, mən də düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi. "Şamaxı"nın gənc futbolçuları öz əzmkarlıqları, istəkləri ilə ən azı 1 xalı haqq edirdi. Bəs niyə olmadı? İnciməyin, bax bu məsələdə mən günahı siz məşqçilərdə görürəm. Oyun öz axarında getdiyi bir vaxtda 62-78-ci dəqiqə aralığında o qədər əvəzləmə edib, oyunu öz axarından çıxarmaq, üstünlüyün rəqibə keçməsinə şərait yaratmaq nəyə lazım idi? Ümumiyyətlə, "Şamaxı"ın 15-16 dəqiqəlik zaman kəsiyindən birdən-birə 5 əvəzləməyə ehtiyacı var idi? Mən mütəxəssis deyiləm, kiməsə irad tutmaq, kimdəsə səhv axtarmaq kimi bir niyyətim də yoxdur. Sadəcə, futboldan az-çox anlamağa çalışan və 16 illik təcrübəsi olan idman jurnalisti kimi, sual xarakterli mülahizəmi bölüşürəm. İlk hissəni "Şamaxı" əla oynadı, 3 real qol epizodu da oldu, fasilədən sonra da demək olar ki, eyni tempi saxlamışdı, belə vəziyyətdə ciddi lüzum olmadığı halda, oyunun axarına bu cür müdaxiləni qəbul edə bilmirəm. Taktiki müdaxilədirsə, gedişat bunu gərəkdirmirdi. Oyun mənim istədiyim formada gedirsə, niyə taktiki müdaxilə edim ki? Lap deyək ki, edirəm, amma birdən-birə 5 əvəzləmə niyə? Taktiki dəyişiklik bir, maksimum iki futbolçu ilə ola bilər. Ard-arda beş dəyişiklik, bu, taktiki dəyişiklik yox, mövcud taktikanı alt-üst etməkdi.
Fiziki hazırlıq, yorğunluq, bu da inandırıcı gəlmir. Çünki "Şamaxı"nın heyəti cavan futbolçulardan təşil olunub və fiziki hazırlığına görə, deyərdim ki, Premyer Liqanın bəlkə də iki ən yaxşı iki komandasından biridir. 5 əvəzləmə meydançadakı futbolçuların qapıçı istisna, tən yarısı deməkdir. Yəni sən 15-16 dəqiqə aralığında meydançadakı futbolçuların tən yarısını dəyişirsən. Nə oldu, heyətin yarısı birdən yoruldu? Xüsusilə zədədən sonra qısa zamanda əla forma yığan Amil Yunanov əvəzləndiyi ana qədər meydançada ən yaxşılardan idi, yorulmadan qaçırdı. Amilin meydançada olması da "Neftçi"nin müdafiə xətti üçün əsl başağrısı idi. Ümumiyyətlə, ciddi zədəsi yox idisə, Amilə bu oyunda toxunmaq olmazdı. Ən azı 80 dəqiqə. Yoxsa bitiminə hələ yarım saat var ön xətdə ən təhlükəli "silahı"nı oyundan alırsan. Həm adi bir nümunə, meydançaya yeni daxil olan bir futbolçunun tam qızışması, uyğunlaşması, oyuna qoşulması üçün minimum 7-8 dəqiqə lazımdır. O ki qala beş futbolçunun oyuna uyğunlaşması, bunun aldığı zaman və bu zamanın yaratdığı boşluq. Təbii ki, rəqib də "Neftçi" kimi təcrübəli komandadırsa, bu boşluqdan dərhal istifadə edəcək. Necə ki, etdi də. Əksəriyyət qapıçı Rəşad Əzizlinin səhvini qeyd edir, razıyam, Rəşad kimi təcrübəli qapıçı o cür səhv etməməli idi. Amma Rəşada qədər mərkəzdən üzü qapıya kimi səhvlər edilmişdi. Adətən qapıçı topu götürməyə çıxanda müdafiəçilər onu sığortalamalıdır ki, topu rahat götürsün. Rəşadın isə bu sığortası yox idi. Təbii ki, sığorta olmayanda qapıçı da hardasa ağır zədədən yayınmaq üçün topa tam əminliklə çıxmır. Yekunda da bu cür səhv, ardınca qol və yekundan layiq olmadığın məğlubiyyət...
Anar XANLAROV