
"Neftçi"nin İsveçrəsi": bir çox hücumçular ondan çəkinərdi
- 31 Yan 2022 10:20
- 824
Rəşid Özbəyov. "Neftçi"nin əfsanələrindən biri. 1953-cü ilin bu günü anadan olub. 1972-83-cü illərdə "Neftçi"nin heyətində 300 oyun keçirib və 4 qola imza atıb.
Rekord.az-a açıqlama verən komanda yoldaşı, sabiq "Neftçi" kapitanı Asəf Namazov Özbəyovu xoş təəssüratlarla xatırlayıb: "Yaşasaydı bu gün 69 yaşı olacaqdı. Rəşid çox unikal adam idi. İnsan kimi heç bir işə qarışmazdı. Ona görə də komanda arasında onun adını İsveçrə qoymuşduq. Bildiyiniz kimi, İsveçrə bir növ neytral ölkə sayılır. Rəşid də bütün məsələlərdə neytral insan idi. Amma futbolçu kimi əsl döyüşçü idi, meydançada son ana qədər döyüşürdü. SSRİ-nin bütün komandalarının hücumçuları ondan çəkinərdi. Çox təəssüf ki, səhhətinə fikir vermirdi. Komandamızın həkimi Boris Xetaqurov hər zaman ona deyirdi ki, özünə fikir ver, yeməyinə fikir ver, özünə bax. Təəssüf ki, əməl eləmirdi. Ona görə də çox cavan yaşında ürək tutmasından bizi tərk etdi. Allah ona rəhmət eləsin, gözəl insan idi".