Qış fasiləsindən sonrakı dövr "Neftçi"nin baş məşqçisi Samir Abasov üçün çox çətin olacaq.

Rekord.az xəbər verir ki, daim təzyiq altında olan mütəxəssis uğur qazanmağa məcburdu.

Uğursuzluq fonunda mövsüm başa çatmamış postunu itirə bilər. Hələ qış fasiləsinə qədər olan dönəmdə də mətbuatda onun istefası məsələsi zaman-zaman gündəmə gətirilirdi. Nəzərə alaq ki, hazırda "Qarabağ"la arada 11 xallıq fərq var ki, bunu aradan qaldırmaq qəliz məsələdi. Kubokda isə komanda dünən 1/4 finalın ilk matçında evdə "Sabah"la 1:1 oynadı. Cavab oyununda mərhələ keçilməsə, istefa məsələsi böyük ehtimalla yenidən gündəmə gələcək. Bizim əldə etdiyimiz son məlumat isə daha maraqlıdır. Etibarlı mənbədən ötürülən məlumata görə, "Neftçi" rəhbərliyi Abasovun mümkün istefası fonunda onun yerinə gətirnmək istədiyi şəxsi də müəyyən edib. Bu, sovet futbolunun əfsanələrindən olan Oleq Bloxindi. Bir vaxtlar Ukrayna yığmasında və Kiyev "Dinamo"sunda çalışan ukraynalı Yunanıstanda da böyüş iş təcrübəsinə malikdir. Sızan məlumata görə "Neftçi" rəhbərliyi artıq Bloxinlə təmasa da keçib.