Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" matçından sonra keçirilən mətbuat konfransı xoş olmayan mənzərə ilə yadda qaldı.

Belə ki, adətən mətbuat konfranslarında kamera çəkənlər ən arxada oturur. Onların önündə isə media əhli qərar tutur. Amma bu dəfə yerlər səhv salınmışdı.

Kamerası olan hər kəsin ön cərgədə dayanması jurnalistləri çətin duruma salmış oldu. Hətta bu mənzərəyə etiraz olaraq Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev konfrans zalını tərk etmişdi.

Başverənlərlə bağlı Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə danışmağa qərar verdik. Qurum rəsmisi sportinfo.az-a açıqlamasında bunları dedi:

"Neftçi" - "Qarabağ" oyununa özüm də getmişdim. Mətbuat konfransında olanlardan xəbərim var. Təkcə məsələ operatorların orda dayanması deyildi.

Başqa problemlər də vardı. Biz öz qeydlərimizi apardıq. Sonra isə bununla bağlı kluba məlumat verdik. Yəqin ki, növbəti oyunlarda bu kimi problemlər yaşanmaz.

Sırf operatorla bağlı məsələ isə belə olub ki, onlardan birinin mikrofon şunurunda problem çıxıb. O da səsi kameranın öz mikrofonundan götürməli olduğu üçün belə durum yaşanıb.

Amma istənilən halda bu onlara bəraət vermir. Operatorların öz yeri var. İnşallah, belə hallar növbəti oyunlar yaşanmaz".