İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsi yekunlaşıb.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” bu gün əvvəlcə 1/4 final oyununda ABŞ millisi ilə qarşılaşıb.

Rəqibi üzərində 17:14 hesablı qələbəyə sevinən “Neftçi” yarımfinala yüksəlib. “Neftçi”nin bu mərhələdəki rəqibi güclü Çin millisi olub. Reytinq xallarına görə Melilya mərhələsinin bir nömrəli komandası ilə görüş də Azərbaycan təmsilçisi üçün uğurlu alınıb. Rəqibini 17:13 hesabı ilə məğlub edən Bakı klubu finala vəsiqə qazanıb. 

Melilya mərhələsinin final oyununda təmsilçimiz ev sahibi İspaniya millisi ilə qarşılaşıb. Gərgin və maraqlı oyunun yekununda "Neftçi" rəqibinə 13:12 hesabı ilə qalib gələrək, Melilya mərhələsinin çempionu olub.

"Neftçi"nin üzvü Bryana Freyzer isə Melilya mərhələsinin ən dəyərli oyuncusu (MVP) mükafatını qazanıb.

Qeyd edək ki, Dünya Qadın Seriyasında 3x3 qadın millimiz və "Neftçi"nin növbəti oyunları 22 avqustda Bakıda baş tutacaq.