“Neftçi” həqiqətən qayıdırmı?
- 14:16
- 94
Başlıqdakı sual indi çoxlarını narahat edir. “Neftçi” azarkeşləri çoxdan gözlədikləri məqamın yetişdiyini düşünürlər. Deyəsən, Samir Abasova bir vaxtlar ünvanlanan sual indi öz cavabını tapır. Söhbət “dominant “Neftçi”ni nə vaxt görəcəyik” sualından gedir. Həmin vaxt Samir bəy bu suala ciddi cavab verə bilməmiş, zarafatla 22 martı nişan vermişdi. Amma onun dediyi tarix ötsə də gözlənilən “Neftçi”ni görə bilmədik. Əksinə, “Neftçi” daha da gerilədi, zəiflədi. Hətta yayda edilən transferlər, xərclənən pullar fayda vermədi. Beləcə azarkeşlərin, mütəxəssislərin, jurnalistlərin gözlədiyi həmin o “Neftçi”ni baş məşqçi kimi təqdim edib, qürurlanmaq Abasova qismət olmadı. Nəticədə klubla Abasovun yolları ayrıldı.
İndi “Neftçi” yoluna ukraynalı mütəxəssis Yuri Vernidubla davam edir. Samir Abasov isə işsizdir. Evində oturub, futbola baxır. Vernudun “Neftçi”si isə azarkeşləri ümidləndirə bilib. Qalır bu sabitliyi qoruyub saxlamaq, “Neftçi”ni yeni inkişaf mərhələsinə çıxarmaq. İndi əsas məsələ “Neftçi”nin bu mövsüm avrokuboklara vəsiqə qazanmasıdır. Samir Abasov yola salınarkən çoxları “Neftçi”dən əlini üzmüşdü. Hətta Yuri Vernidubun çalışdırdığı komanda öz meydanında “Turan Tovuz”a uduzanda olan-qalan ümidlər də yoxa çıxdı. Özü də təkcə komandaya, futbolçulara olan ümidlər sarsılmadı. Elə Vernidubun da digərlərinin tayı olduğu, “Neftçi”yə heç nə verə bilməyəcəyi haqda da təəssüratlar yarandı.
Növbəti böhran “Neftçi” “Qarabağ”a 1:5 hesabıyla yeniləndə yaşandı. Sən demək, heç də hər şeyin sonu deyilmiş. Bir andaca vəziyyət dəyişdi, ölmüş ümidlər yenidən cücərdi. Bütün bunlar ona görə baş verdi ki, “Neftçi” cəmi dörd gün sonra “Qarabağ”ı üstələdi, komandaya həyat verən qələbə qazandı. Bu qələbə “ağ-qaralar”a təkcə 3 xal qazandırmadı. “Neftçi”nin qazancı daha böyük idi. Komandanın özünəinamlı geri gəldi, azarkeşlər başlarını yuxarı qaldırdılar. Vernidub da əbəs yerdə aylardı burda olmadığını, papağını günə yandırmadığını göstərdi. Bəli, bu 3 xal sayəsində “Neftçi” yenidən avrokuboklara vəsiqə uğrunda gedən mübarizəyə qayıtdı. İndi bir vaxtlar əlçatmaz görünən həmin o vəsiqəni qazanmaq üçün əla şans yaranıb.
Arxivimdə yetərincə yazım, hətta qatıldığım fərqli televiziya proqramlarından götüntülər var. “Neftçi”nin dirçəlməsinin Azərbaycan futbolu üçün necə vacib olduğunu dəfələrlə vurğulamışam. Deyəsən, o günlər yaxınlaşıb. 50 xalla 4-cü pillədə qərarlaşan “Neftçi”nin bu yeri əldən verməməsi özündən asılıdır. Avrokuboklara qatılmaq üçün bu pilləni qorumaqla yanaşı “Sabah”ın ölkə kubokunu qazanması vacibdir. Bütün bunlar yaxın gələcəyin işləridir. Tezliklə mövsüm başa çatacaq, kimin qazancının nə olduğunu biləcəyik.
Amma “Neftçi” avrokuboklara vəsiqə qazansa da, qazanmasa da görüləsi vacib olan işlər var. Kiçik uğurlarla eyforiyaya qapanıb, azarkeşlərin də duyğularını istismaq etmək yetərli olmayacaq. İllərdir buraxılan səhvlərdən nəticə çıxarmaq lazımdır. Əsasən də seleksiyada, transfer işlərində diqqətli olmaq, yararsız əcnəbilərdən qurtulmaq bir nömrəli məsələdir. İkincisi də klub akademiyasının effekti artırılmalıdır. “Neftçi” boyda adı-sanı, tarixi olan klubun mütləq öz yetirmələri olmalıdır. Özü də əsas heyətdə. Onlar komandanın lokomotivinə çevrilməli, digərlərini də öz arxasınca aparmağı bacarmalıdır. Bax onda tam ciddiyətlə demək olar ki, “Neftçi” qayıdır!