Voleybol üzrə Türkiyə birinciliyinin "Sigorta Shop Kadınlar 1. Ligi"ndə növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Anastasiya Qurbanovanın şərəfini qoruduğu "Adam Voleybol" klubu yarım final mərhələsində ikinci oyununu keçirib.

Bu etapın 2-ci qrupunda mübarizə aparan voleybolçumuzun komandası bu dəfə "Karşıyaka" ilə qarşılaşıb. İlk oyununda qələbə qazanan "Adam Voleybol" uğurlu çıxışını davam etdirib. Matça yaxşı başlayan Nastya və rəfiqələri rəqibə heç bir şans verməyiblər. 3 set davam edən görüşdən hücumçumuzun komandası quru hesablı qələbə ilə ayrılıb - 3:0 (25:19, 25:23, 25:20).

Qeyd edək ki, "Adam Voleybol" yarım final mərhələsinin növbəti turunda "İstanbul BBSK" klubu ilə üz-üzə gələcək.